Accessibility links

Milli Məclis 2013-cü il dövlət büdcəsinin müzakirəsinə başlayıb


Milli Məclis
Milli Məclis

2013-cü il dövlət büdcəsi 19 milyard 810 milyon manat proqnozlaşdırılıb

Milli Məclisin noyabrın 13-də keçirilən iclasında “2013-cü il dövlət büdcəsi haqqında” qanun layihəsi və büdcə zərfinə daxil olan digər sənədlərin müzakirəsi başlayıb.

Maliyyə naziri Samir Şərifov bildirib ki, 2013-cü il dövlət büdcəsinin xərcləri Ümumi Daxili Məhsulun 35,3 faizini təşkil etməklə, 19 milyard 810 milyon manat proqnozlaşdırılıb. Bu, 2012-ci illə müqayisədə 12,1 faiz, 2011-ci ilin faktiki icrasına nisbətən isə 28,7 faiz çoxdur. Xərclərin 50,3 faizi cari, 45,8 faizi əsaslı xərclərə, 3,9 faizi dövlət borcuna xidmətlə bağlı xərclərə yönəldiləcəkdir.

Sosialyönümlü xərclərin büdcədəki xüsusi çəkisi 25,4 faiz təşkil edir.

Nazir deyib ki, Dövlət Neft Fondundan ayırmaların həcmi də artırılacaq. 2013-cü ildə Fondun xərclərinin 11,35 milyard manatı transfert qismində ölkənin dövlət büdcəsinə ayrılacaq.

İqtisadi inkişaf naziri Şahin Mustafayev 2013-cü il və növbəti 3 il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri barədə məlumat verib.

Onun sözlərinə görə, neftin 1 barrelin qiyməti gələn il üçün 100, növbəti 3 il üçün 80 dollar qəbul edilib. Növbəti il üçün 1 dollar 78.5 qəpik qəbul edilib və inflyasiya tempi 5.7 faiz proqnozlaşdırılır.

Bununla yanaşı, büdcə layihəsi bir çox deputata tərəfindən tənqidlə qarşılanıb.

Deputat Zeynəb Xanlarova sual edib ki, büdcə müəllimlərin, həkimlərin əmək haqqının, əlillərin, pensiyaçıların pensiyalarının artmasına xidmət edirmi?

Deputat Zahid Oruc hesab edir ki, səhiyyəyə 2013-cü ildə büdcə artımının cəmi 0,5%-nin, digər sahələrə 5-10% -nin ayrılması düz deyil. Deputat həmçinin ipoteka kreditlərinin artırılmasının vacibliyini diqqətə çatdırıb.

Ədalət Partiyasının sədri, deputat İlyas İsmayılov antiinhisar orqanlarından narazıdır.

“Qiymətlərin artımı heç də həmişə obyektiv səbəblərlə bağlı olmur və bəzən bu, inhisarçılara görə baş verir. Azərbaycanın antiinhisar orqanı olan Antiinhisar və İstehlakçıların Müdafiəsi Xidməti onların heç qapısını da aça bilmir”.

Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Mübariz Qurbanlı da ipotekaya ayrılan vəsaitin artırılmasını təklif edib. Deputat ölkənin müxtəlif yerlərində yerli-yersiz hasarlamalar olduğunu deyib.
“Bəzən hasarlar lazımdır, amma ehtiyac olmadan da hasarlar çəkilir”.

Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa yol kənarlarında tikilən hündür hasarlara işarə edərək deyib ki, həmin lazımsız hasarlara xərclənən vəsait hesabına müəllimlərin və səhiyyə işçilərinin maaşını artırmaq olar.

“Məşhur “Sevil” əsərində Balaş özünün köhnə paltarlı valideynlərini cəmiyyətdən gizlədir. Sanki biz də hasarlarla kasıbları gizlədirik”.

Deputat Əli Məsimli deyib ki, 93 manat ehtiyac meyarı, 116 manat yaşayış minimumu, 40-50 manat cuvarında müavinətlər müəyyənləşdirilib:

“Hökumət tədbirlər görməlidir ki, maaşların artırılması nəticəsində yaranan əlavə vəsait işbazların cibinə yox, insanlara getsin. Sosial ipotekada məbləğin 30 min manatdan 50 min manata qədər artırılması, sosial ipotekalarda faizin 4 faizdən 2 faizə endirilməsi, ümumiyyətlə, ipoteka kreditlərinin həcminin artırılması yaxşı olardı. Digər tərəfdən, prezident 2013-cü ilin sonlarına qədər ölkədə qazlaşdırma işlərinin başa çatdırılmasını tapşırıb. Ancaq qrafikdən kənara çıxmalar, gecikmələr çoxdur. Mən inanmıram ki, bu gedişlə 2013-cü ildə bu iş başa çatsın”.

Deputat Gövhər Baxşəliyeva elmi işçilərə cüzi vəsait ayrılmasından narazıdır. Deputat bu kateqoriyadan olan insanların əmək haqlarının artırılmasını istəyib.

YAP icra katibinin müavini Siyavuş Novruzov nazirlərin təyin etdikləri icra aparatının rəhbərlərinə geniş səlahiyyətlər verilməsini tənqid edib.

“Belə olmaz. Prezidentin təyin etdiyi nazir müavinləri icra aparatının rəhbərindən icazə alır. Orduya ayrılan vəsait çoxdur, ancaq sosial məsələlərə diqqət yetirilməlidir. Ezamiyyətə gedən hərbçiyə 50-70 manat verilir ki, ailəsinə kirayə ev tutsun. Bu vəsaitə harada ev kirayə tutmaq olar?”

YAP sədrinin müavini, deputat Əli Əhmədov bəzi hökumət üzvlərinin 2013-cü il büdcə layihəsinin müzakirəsində iştirak etməməsini sərt tənqidlə qarşılayıb.

“Onlar bununla dövlət büdcəsinə və parlamentə hörmətsizlik edir”.
XS
SM
MD
LG