Accessibility links

Azər Mehdiyev: Azərbaycanda böhrana strateji yanaşma yoxdur [Video-müsahibə]


Azər Mehdiyev: Azərbaycanda böhrana strateji yanaşma yoxdur
please wait

No media source currently available

0:00 0:06:57 0:00

İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin rəhbərinin Amerikanın Səsinə müsahibəsi

İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin rəhbəri Azər Mehdiyev Amerikanın Səsinə müsahibəsində 2016-c il dövlət büdcəsi, neftin qiymətinin aşağı düşməsinin sosial-iqtisadi təsirləri, milli valyuta ilə bağlı siyasət və vəziyyətdən çıxış yollarından danışıb.

Amerikanın Səsi: 2016-cı ilin dövlət büdcəsi ölkənin əsas ehtiyaclarını qarşılaya biləcəkmi? Büdcə layihəsi əhalinin iqtisadi-sosial fikrinə uyğunmu tərtib edilib?

2016-cı ilin büdcəsinin 2013-ci ilin büdcəsi ilə müqayisədə təqribən 5 mlyrd azalması gözlənilir.

Azər Mehdiyev: Gəlin sualın 2-ci hissəsindən başlayaq, büdcə nə dərəcədə əhalinin sosial-iqtisadi düşüncəsi əsasında qəbul olunub?

Əvvəla, Azərbaycan təcrübəsində büdcənin əhalinin müxtəlif maraq qrupları ilə geniş müzakirələri ümumiyyətlə təşkil olunmur. Hətta, belə deyək ki, büdcə müzakirələrinə müstəqil ekspertlər belə kifayət qədər cəlb olunmur. Bu da, yalnız bağlı qapılar arasında müxtəlif qrumların istəkləri nəzərə alınaraq və hökümət öz düşüncələrinə uyğun hazırlanan bir sənəddir.

Bu baxımdan biz deyə bilmərik ki, 2016-cı ilin büdcəsi və yaxud əvvəlki illərin büdcəsi əhalinin sosial-iqtidasi fikrinə və yaxud istəklərinə uyğun hazırlanırdı.

Təbii ki, ortada bir fakt var ki, biz ötən ilin ortalarından neft gəlirlərinin azalması dövrünə qədəm qoymuşuq. Bu da istər-istəməz uzun müddət neftdən asılı olan bir büdcədə kəskin azalmalara gətirib çıxarır.

Azərbaycanda büdcənin ən yüksək həddi 2013-cü ildə olub. Bu, hardasa gəlirlər üzrə 19,5 milyard manatlıq, xərclər üzrə 19,1 milyard manatlıq bir büdcəmiz olub. Bundan sonra ötən dövr ərzində tədricən büdcə gəlirləri və xərcləri azalmağa başlayıb. Ancaq bu il, 2015-ci ilin büdcəsinin hətta proqnozlaşdırılan hədlərdən belə çox ciddi bir kəsirlə icra olunması gözlənilir.

2016-cı ilin büdcəsinin isə haradasa 2013-ci ilin büdcəsi ilə müqayisədə təqribən 5 milyard azalması gözlənilir. Təbii ki, büdcə azalırsa, xərclər azalırsa bu da büdcənin xərc hissəsində ciddi ixtisarlara gətirib çıxarır.

Bu baxımdan 2016-cı ilin büdcəsində əsas ixtisarlar əsas vəsait quruluşuna bağlıdır. Hər halda hökümət əvvəlki sosial sahədə götürdüyü öhdəlikləri davam etdirmək niyyətindədir.

Amerikanın Səsi: Yüksək dövlət rəsmiləri 2016-cı ildə də ölkədə iqtisadi artım olacağını bəyan edir? Siz necə düşünürsünüz?

Təqribən 7 milyardlıq vəsait qoyuluşundan 2,5 milyard səviyyəsinə düşəcək.

Azər Mehdiyev: İqtisadi artımla bağlı vəziyyət xeyli dərəcədə gərgindir. Əgər diqqət yetirsək, hökumət son illər əsasən qeyri-neft sektorunda iqtisadi artımın daha sürətlə baş verdiyini göstərir. Neft hasilatı düşür, neftin dünya bazar qiymətləri düşür və təbii ki, bunun əsasında Azərbaycanda əsas iqtisadi artım mənbəyi olan neft hesabında artım, artıq demək olar ki yoxdur.

Ancaq Azərbaycanda qeyri-neft sektorunda da olan əsas artım mənbəyini məhz neft sahəsindən gələn gəlirlər təşkil edirdi. Ona görə ki, son illər ölkədə iqtisadi aktivliyin fəallığı əsasında büdcədən ayrılan dövlət investisiyaları, əsaslı xərclər və bununla bağlı iqtisadi sahədə olan fəallıq idi.

Əgər növbəti illərdə bu iqtisadi artım mənbəyində də kəskin azalma varsa, əvvəlki illərlə müqayisədə yarıbayarı azalma varsa, təqribən 7 milyardlıq vəsait qoyuluşundan 2,5 milyard səviyyəsinə düşəcək. Əgər onu da icra etmək mümkün olsa təbii ki, bu o deməkdir ki, neft sektorunda da iqtisadi artımın mənbələri artıq tükənib və bu iqtisadi artımın olmayacağını söyləməyə əsas verir. Ancaq bu, mənfi bir artım ola bilər.

Amerikanın Səsi: Azərbaycan hökumətinin dünyanı bürümüş iqtisadi-maliyyə böhranına reaksiyası qanedicidirmi? Hökumətin bununla bağlı proqramları varmı?

Azərbaycanda bu saat bütün işlər "Azərbaycan-2020 İnkişaf Konsepsiyası" əsasında qurulur. Ancaq bu konsepsiya çox ümumi xarakter daşıyır.

Azər Mehdiyev: Əvvəla, dünyanı bürüyən iqtisadi-maliyyə böhranı deyəndə biz nəyi nəzərdə tuturuq. Neftin dünya bazar qiymətinin düşməsi dünya maliyyə böhranı demək deyil.

Təbii, onun maliyyə bazarlarına təsiri var. Çünki neftin qiymətinin qalxması dövründə təbii ki, ayrı-ayrı sektorlarda, xüsusilə xammal sektorunda sabun köpüyü formalaşmışdı. İndi tədricən onun sıradan çıxması prosesi gedir. Ancaq öz-özündən neftin qiymətinin düşməsi avro-qərb bazarlarında, Amerika bazarlarında iqtisadi artıma gətirib çıxaracaq. Ancaq Azərbaycan üçün bu, təbii ki, böhrandır. Ona görə ki, neftin qiymətinin düşməsi gəlirlərin kəskin azalmasına gətirib çıxarır.

Çox təəssüf ki, hökumət elə ötən ilin ortalarından neftin qiymətinin düşməsinə rəğmən bu proseslərə bir qədər fərqli prizmadan yanaşdı. Hər zaman belə bir fikri oldu ki, yox neftin qiyməti düşməyəcək, yenidən qalxacaq və təəssüf ki, hökumətin neft qiymətlərinin aşağı düşdüyü dövrlərdə, gəlirlərin azalması dövründə davranışlarıyla, prioritetləri ilə bağlı, ümumiyyətlə bu işlərin necə idarə olunması ilə bağlı ortaya qoyduğu hədəflər yoxdur. Azərbaycanda bu saat bütün işlər "Azərbaycan-2020 İnkişaf Konsepsiyası" əsasında qurulur. Ancaq bu konsepsiya çox ümumi xarakter daşıyır. Burada strateji yanaşma və məsələnin həlli istiqamətləri yoxdur. Bu baxımdan biz deyə bilmərik, bu gün hökumətin belə bir proqramları var.

Amerikanın Səsi: Hökumət bundan öncəki kimi yenə manatın kursunun sabit qalacağını iddia edir. Manatın yeni devalivasiyası ola bilərmi?

Bu baxımdan hesab edirik ki, manatın məzənnəsində dəyişikliklər qaçılmazdır.

Azər Mehdiyev: Əslində hökumət qrumlarından fərqli, ziddiyyətli mövqelər nümayiş olunur. Əgər Mərkəzi Bank rəhbərliyi qarşıdan gələn bir neçə il ərzində manatın sabit saxlanıldığını söyləyirsə, maliyyə naziri bu və ya digər formada devalivasiyanın əhəmiyyətini və lazım gəldikdə buna getmə imkanlarından danışır. Bu onu göstərir ki, əslində söhbət bu gün yalnız bank sektorunda və ya pulla bağlı məsələlərdən getmir. Pulun bir tərəfində mütləq şəkildə büdcə dayanır.

Əgər biz ilin əvvəlində baş verən devalivasiyaya baxsaydıq, burada yalnız valyuta ehtiyatlarının tükənməsi məsələsi deyildi, həm də büdcə gəlirlərinin doldurulması məsələsidir. Azərbaycanda iqtisadi durum, büdcə gəlirlərinin azalması, dövlət xərcləmələrinin müəyyən səviyyədə saxlanılması zəruriliyi istər-istəməz devalivasiya yarada bilər. Əgər nəzərə alsaq ki, artıq ABŞ rəsmən elan edib ki, bu ilin sonuna qədər uçot dərəcələrinə yenidən baxa bilər. Əgər onlar baxsa, bunun dalınca Avropada da eyni proses gedəcək. Bu uçot dərəcələrinin qalxması istər-istəməz manatın məzənnəsinə təzyiqi artıran amil olacaq. Həm xarici faktorlar, həm də ölkədaxili faktorlar manatın indiki məzənnəsinin saxlanmasında çətinliklərin, problemlərin olacağını söyləyir. Bu baxımdan hesab edirik ki, manatın məzənnəsində dəyişikliklər qaçılmazdır. Ancaq bunun hansı formada olacağı təbii ki, hökumətin siyasətindən aslıdır. Çünki hökumət bunu tədrici xarakterli bir devalivasiya edə bilər, yumşaq proseslə, ya da görərsiniz ki, uzunmüddətli dövrdə saxlayıb birdən-birə yenə kəskin bir devalivasiyaya getdi.

XS
SM
MD
LG