Accessibility links

Leyla Yunusun rəhbərlik etdiyi Sülh və Demokratiya İnstitutu Amsterdamda fəaliyyət göstərəcək


Leyla Yunus (Foto Leyla və Arif Yunusların Facebook səhifəsindən götürülüb)
Leyla Yunus (Foto Leyla və Arif Yunusların Facebook səhifəsindən götürülüb)

Sülh və Demokratiya İnstitutu (SDİ) fevralın 23-də Amsterdam Bələdiyyəsində (Niderland) QHT kimi rəsmi qeydiyyatdan keçib.

SDİ ilk olaraq 1995-ci ildə Bakı şəhərində azərbaycanlı hüquq müdafiəçisi Leyla Yunus tərəfindən təsis edilib. 20 il ərzində institut Azərbaycanda insan hüquqlarının müdafiəsi ilə məşğul olub. SDİ nəzdində Konfliktologiya və Miqrasiya Departamenti, Qadın Hüquqlarını Müdafiə Mərkəzi, Piyadalar Əleyhinə Minalara qarşı Mübarizə Mərkəzi, Gənclərlə iş üzrə Departament yaradılıb.

SDİ təhsil proqramları, araşdırmalar, monitorinqlər aparıb, siyasi problemlərin həlli ilə məşğul olub, mülkiyyət hüquqlarını müdafiə edib və s.

Sülh və Demokratiya İnstitutu Qadın Krizis Mərkəzi adlı QHT-nin və digər QHT-lərin yaradılmasına şərait yaradıb.

Niderland şöbəsinə müvəqqəti olaraq Dinara Yunus - Sülh və Demokratiya İnstitutunun yaradıcıları Arif və Leyla Yunusların qızı rəhbərlik edəcək.

SDİ Azərbaycan üzrə işlərini Avropadan davam etdirərək, əvvəlcədən başlanmış işləri davam etdirəcək.

“Biz Azərbaycanın Avropa Şurasının üzvü kimi üzərinə götürdüyü bütün öhdəlikləri yerinə yetirməsinə çalışacağıq. Azərbaycanda insan hüquqlarına riayət olunmasına nail olmaq SDİ-nin əsas iş prinsipidir”, deyə Dinara Yunus bildirib.

Leyla Yunus - məşhur hüquq müdafiəçisi, Fransanın Fəxri Legion Ordeninin kavaleri 30 iyul 2014-cü ildə saxta dövlətə xəyanət ittihamı ilə həbs edilib. Avqustun 5-də eyni ittihamlarla onun həyat yoldaşı Arif Yunus həbs edilib.

Yunusların səhhətinin ağır olmasına və həbslərin açıq-aşkar siyasi motivli olmasına baxmayaraq, onlar həbsdə saxlanılırlar.

Arif və Leyla Yunus işlərini ətraflı şəkildə tədqiq etdikləri siyasi məhbuslar siyahısına daxil ediliblər.

XS
SM
MD
LG