Accessibility links

Çin-Qazaxıstan-Azərbaycan marşrutu ilə konteyner qatarı sınaqdan çıxıb


Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi
Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi

Çin-Qazaxıstan-Azərbaycan marşrutu ilə konteyner qatarının test buraxılışı uğurlu olub. Koordinasiya edilmiş birgə səylər nəticəsində bu həftə Çin-Qazaxıstan-Azərbaycan marşrutu üzrə ilk konteyner qatarının buraxılması həyata keçirilib. Eyni zamanda, bu marşrutla daşınmaların rəqabət qabiliyyətli tarifləri müəyyən edilib və marşrut üzrə çatdırılma vaxtı 6-7 gün müddətinə təmin edilib.

Marşrut Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin davamıdır və yükləri Şərq-Qərb dəhlizi ilə Çindən Mərkəzi Avropaya çatdırmalıdır. Artıq ona Transxəzər beynəlxalq nəqliyyat marşrutu adı verilib. Bu barədə Turan agentliyi yazıb.

"Qazaxıstan Dəmir Yolları" Səhmdar Cəmiyyətinin məlumatına görə, bu ilin sentyabrında layihə çərçivəsində Çin-Qazaxıstan-Azərbaycan-Gürcüstan-Türkiyə marşrutu üzrə ikinci konteyner qatarının göndərilməsi nəzərdə tutulub.

Bu, yazda Gürcüstanla Türkiyəni birləşdirən dəmir yolu tunelinin istismara verilməsi nəticəsində mümkün olub.

Azərbaycan nəqliyyat nazirinin müavini Musa Pənahov bəyan edib ki, tunelin açılması vacib hadisədir.

"Bu dəmir yolu magistralı daxili və beynəlxalq tranzit və ticarətin inkişafına kömək edəcək".

Xatırladaq ki, Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi Gürcüstan-Azərbaycan-Türkiyə dövlətlərararsı sazişi əsasında həyata keçirilir. Layihəyə 98 km-lik Qars-Axalkələk dəmir yolu qolunun tikintisi daxildir. Bunun 68 km-i Türkiyə, 30 km-i Gürcüstan ərazisindədir. Gürcüstanda Axalkələk-Marabda-Tbilisi sahəsinin 183 km-i təmir edilib ki, buraxılış qabiliyyəti 17 mln tona çatdırılıb. Axalkələkdə təkərlərin dəyişdirilməsi stansiyası tikilib. Yeni xətlə ildə 30 mln ton yük daşınması nəzərdə tutulur. Azərbaycanın Nəqliyyat Nazirliyində deyiblər ki, BTQ Asiyadan Avropaya yük axınını artıracaq.

Azərbaycanda bu layihəyə xüsusi əhəmiyyət verilir. Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədovun sözlərinə görə, BTQ trendlər formalaşdırır.

"Bu yolla yük nəqli üçün Bakıda yeni Ələt beynəlxalq yük limanı tikilib. O, ildə 11,6 mln ton yük qəbul edə biləcək", Məmmədov "Novosti-Qruziya"ya bildirib.

Gözlənildiyi kimi, Orta Asiya və Uzaq Şərq ölkələri layihəyə böyük maraq göstərir. Türkmənistan, Qazaxıstan və Əfqanıstanın ardınca Özbəkistan və Tacikistan da BTQ ilə yük nəqlinə maraq göstərir.

"Azərbaycanın tranzit imkanlarından istifadə etmək istəyirik. Bakıda iri limanlar, Türkəminstanda Türkmənbaşı limanı var. Bu, bizim üçün rahat marşrutdur", Tacikistanın Azərbaycandakı səfiri Zohir Saidov bildirib.

Bu məsələ yüksək səviyyəli ikitərəfli görüşdə də müzakirə edilib. Diplomatın sözlərinə görə, Tacikistan ildə Azərbaycan ərazisindən 1 mln ton yük daşıyacaq. Bunlar gil-torpaq və alüminiumdur. BTQ-nin açılması Tacikistandan yük daşınmasını daha rahat edəcək.

Özbəkistanın xarici iqtisadi əlaqələr, investisiyalar və ticarət nazirinin nəqliyyat şöbəsinin müdiri Davron Xocayev də BTQ-nin imkanlarından istifadə niyyətini bildirib. Xocayev Daşkənddə "Özbəkistan-Latviya-Aİ nəqliyyat dəhlizi" konfransında deyib ki, "Özbəkistan 3 yeni dəhliz, o cümlədən BTQ-dən istifadə imkanına baxır".

"Birincisi BTQ ilə Avropa istiqamətindədir. Digəri Çin və Cənub Şərqi Asiyayadır. Üçüncü isə Türkmənistan, İran və Türkiyədən Avropa ölkələrinə gedən marşrutdur ", o qeyd edib.

Türkiyədə də BTQ ilə ilk test qatarı buraxılıb. Bu barədə R.T.Ərdoğan Pekində çıxışı zamanı bildirib. TRT Xəbər telekanalının məlumatına görə, Türkiyə prezidenti BTQ-nin yük daşımalarında vacibliyinə diqqət çəkib.

XS
SM
MD
LG