Accessibility links

Amerika şirkəti “Şahdəniz 2” layihəsi üzrə iki xidmət müqaviləsi imzalayıb


Şahdəniz yatağı
Şahdəniz yatağı

"Şahdəniz" konsorsiumu oktyabrın 1-də "Mərhələ 2" işlənmə layihəsinin irəliləyişi çərçivəsində daha iki xidmət müqaviləsinin imzalandığını elan edib.

"BP Azərbaycan" şirkətinin yaydığı məlumatda deyilir ki, sualtı axın xətlərinin örtüklənməsi və ilkin sualtı ixrac xəttinin örtüklənməsi işlərini əhatə edən bu müqavilələr “Bredero Shaw International B.V.” şirkəti (mənzil qərargahı Hyustonda, Texas ştatı, ABŞ-da yerləşir) ilə imzalanıb.

Müqavilələrin dəyəri təxminən 200 milyon ABŞ dolları həcmindədir.

Örtüklənmə işlərinə 2014-cü ilin sonlarında başlanacaq ki, 2015-cil ilə planlaşdırılan sualtı boru kəmərlərinin inşasının birinci mərhələsi üçün və 2018-ci ilə planlaşdırılan ikinci mərhələsi üçün örtüklənmiş borular təmin olunsun.

Ötən ilin dekabrında yekun investisiya qərarı verildikdən bu vaxtadək "Şahdəniz 2" layihələri üzrə işlərdə yaxşı irəliləyiş olub. Ümumilikdə artıq 9 milyard dollar dəyərində əsas mühəndis-layihələndirmə, tikinti və təchizat müqavilələri imzalanıb. Bu müqavilələr üzrə Azərbaycan və Gürcüstandakı əksər tikinti sahələrində ilkin işlər də artıq başlanıb.

Qeyd edək ki, "Şahdəniz Mərhələ 2" layihəsi Xəzər dənizində yerləşən nəhəng "Şahdəniz" yatağından ildə 16 milyard kubmetr qazın hasil edilməsinə və bu qazın təxminən 3500 kilometr uzunluğunda boru kəməri vasitəsilə Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, Albaniya və İtaliyaya nəql olunmasına imkan yaradacaq. İlk qazın hasilatı, Gürcüstan və Türkiyəyə satışın başlanması 2018-ci ilin sonlarına nəzərdə tutulub; Avropaya isə ilk qaz təxminən bir il sonra çatdırılacaq.

XS
SM
MD
LG