Accessibility links

Mədən Sənayesində Şəffaflıq təşkilatı Azərbaycanın statusunu aşağı salıb


Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü (MSŞT) təşkilatı Azərbaycanınstatusunu aşağı salıb. Qərar MSŞT-nin aprelin 14-15-də Konqonun paytaxtı Brazavil şəhərində keçirilən 29-cu toplantısında qəbul edilib.

Toplantıda qurumun beynəlxalq idarə heyətinin üzvü Qubad İbadoğlu iştirak edib.

Qubad İbadoğlu Facebook səhifəsində yazıb ki, İdarə Heyətinin 29-cu toplantısında Azərbaycanı qiymətləndirmə hesabatının müzakirəsi keçirilib.

Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünün İdarə Heyəti (Foto Q.İbadoğlunun Facebook səhifəsindəndir )
Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünün İdarə Heyəti (Foto Q.İbadoğlunun Facebook səhifəsindəndir )

“Qiymətləndirmə komitəsi müzakirələrdə iştirak edən hökümət rəsmiləri, investorlar və vətəndaş cəmiyyəti tərəflərinə qərar qəbul etmək üçün 4 mümkün variant təqdim etmişdi. Qərarın yeni hesabat qəbul edilənədək təxirə salınması, ölkənin MSŞT statusunun aşağı salınması, ölkənin MSŞT-dəki fəaliyyətinin müvəqqəti dayandırılması və ölkənin MSŞT-dən çıxarılması”.

Maraq konfliktlərinə görə Azərbaycan nümayəndə heyətinin iştirak etmədiyi müzakirələr nəticəsində MSŞT İdarə Heyəti ölkənin MSŞT-dəki statusunun aşağı salınmasına qərar verib. Belə ki, Azərbaycanın statusu əvvəlki tamhüquqlu üzvdən namizəd üzvə endirilib. Bununla yanaşı, İdarə Heyəti növbəti 1 il üçün tədbirlər planı hazırlanmasına qərar verib. Bu tədbirlər yerinə yetiriləndən sonra Azərbaycan əvvəlki statusunu bərpa edə biləcək.

Digər qərarlarla Tacikistan MSŞT-dən çıxarılıb, Əfqanıstanın isə fəaliyyəti dayandırılıb.

Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü (MSŞT) neft, qaz və mədən sənayesində şəffaflıq üzrə qəbul olunmuş qlobal standartdır.

MSŞT 2002-ci ilin sentyabrında Yohannesburqda Dayanıqlı İnkişaf üzrə Dünya Sammitində bəyan edilib. Təşkilatın 12 əsas prinsipi üzrə iki şərt müəyyən edilib. Bunlar hasilat sənayesində fəaliyyət göstərən xarici və yerli şirkətlər ödədiyi və hasilat sənayesi ilə məşğul olan ölkələrin hökumətləri isə aldıqları vəsaitləri dərc etməlidir.

2003-cü il iyunun 17-də Londonda keçirilən MSŞT üzrə 1-ci Beynəlxalq Konfransda Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan hökumətinin MSŞT-yə qoşulması qərarını və hasilat sənayesində şəffaflığın təmin olunmasına yönəldilmiş beynəlxalq səyləri dəstəklədiyini bəyan edib.

XS
SM
MD
LG