Accessibility links

Apellyasiya Məhkəməsi İntiqam Əliyevin “akvarium”dan çıxmasına imkan verməyib [Video]


Hüquq müdafiəçisi İntiqam Əliyevin apellyasiya məhkəməsi başlayır
please wait

No media source currently available

0:00 0:03:11 0:00

Hüquq müdafiəçisi İntiqam Əliyevin apellyasiya məhkəməsi başlayır

İ.Əliyevin vəkili Cavad Cavadov və qızı Nərmin Kamilsoyun şərhləri. Kamilsoy atasının səhhətində problemlərin olduğunu bildirib.

Iyulun 6-da Bakı Apellyasiya Məhkəməsində hakim Mirzəli Abbasovun sədrliyi ilə Hüquq Maarifçiliyi Cəmiyyətinin rəhbəri İntiqam Əliyevin şikayəti üzrə ilkin iclas keçirilib.

Məhkəmə zalında İ.Əliyev şüşə kamerada (“akvarium”) əyləşdirilib.

Vəkil Cavad Cavadov İ.Əliyevin vəkillərinin yanında oturması barədə vəsatət qaldırıb.

Sonra o, məhkəmənin audio və video yazısının aparılması, həmçinin tam məhkəmə istintaqı aparılmaqla apellyasiya şikayətinə baxılması barədə vəsatət qaldırıb.

C.Cavadov məhkəmədən xahiş edib ki, Varşava Universitetinin professorunun xəttin yoxlanması üzrə apardığı ekspertizanın rəyi işə daxil edilsin. Ekspertiza müəyyən edib ki, Hüquq Maarifçiliyi Cəmiyyətinin hesabından pulların çıxarılması barədə banka təqdim olunan imzalar İ.Əliyevə məxsus deyil. Vəkil bu sənədin araşdırılmasını xahiş edib.

Hakim İ.Əliyevə söz verərkən hüquq müdafiəçisi pis eşitdiyini deyib və vəkili ilə yanaşı oturmaq istədiyini bildirib.

Lakin prokuror Seyhun Azadəliyev etiraz edərək bildirib ki, müttəhimlərin bu cür əyləşdirilməsi Ədliyyə Nazirliyinin qaydalarına əsasən müəyyən edilib. Hakim isə əlavə edib ki, müttəhimin yeri “Avropa standartlarına uyğun təchiz edilib”. O, vəsatəti təmin etməyib.

Həmçinin hakim bildirib ki, prosesin audio və videoyazısının aparılmasına gərək yoxdur, çünkü iclasların protokolları qeyd olunur.

Prokuror həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə dəyişdirilməsi barədə vəsatətin əleyhinə olub.

Növbəti dəfə vəkil C.Cavadov İ.Əliyevlə məsləhətləşmək istədiyini bildirəndə məhkəmə nəzarətçiləri buna imkan verməyiblər və onun əlini tutmaq istəyiblər. Bu, Cavadovun və Əliyevin etirazına səbəb olub.

Hətta hakimin mane olmamaq çağırışından sonra belə nəzarətçilərdən biri şüşə kameraya daxil olub ki, bu da müttəhimin vəkili ilə məxfi ünsiyyət hüququnun pozulması kimi qiymətləndirilib.

Sonra məhkəmə məşvərətə gedib. Hakim Abbasov bildirib ki, müdafiə tərəfinin bütün vəsatətləri rədd edilir, şikayətə baxılması isə iyulun 21-də təyin olunur.

İntiqam Əliyevin qızı Nərmin Kamilsoy Amerikanın Səsinə atasının səhhətinin yaxşı olmadığını bildirib.

“Biz atamla əvvəllər həftədə bir dəfə görüşürdük. Amma indi o ayaq üstə uzun müddət dayana bilmədiyindən iki-üç həftədə bir dəfə görüşə bilirik. Ayaqları tez-tez tutulur, qıcolma var, belində problemləri var”, o qeyd edib.

İntiqam Əliyev 2014-cü ilin avqustunda həbs olunub. Aprelin 22-də Bakı Ağır Cinayətlər Məhkəməsi onu vergidən yayınma, vəzifə səlahiyyətindən sui-istifadə, mənimsəmə, vəzifə saxtakarlığı və qanunsuz sahibkarlıqda ittiham edərək 7,5 il müddətinə azadlıqdan məhrum edib..

İ.Əliyev bütün ittihamları rədd edərək onları siyasi motivli sayır.

Amnesty İnternational İ.Əliyevi ”vicdan məhbusu” elan edib.

XS
SM
MD
LG