Accessibility links

Taha Kirmani: Fəaliyyətimiz qanuni olub - həbs cəzasını səbəbsiz yerə veriblər [Audio]


Seyyid Taha Kirmani və Hüseyn Əli Məhəmmədi
Seyyid Taha Kirmani və Hüseyn Əli Məhəmmədi

Taha Kirmani özü və təbrizli fəal Hüseyn Əli Məhəmmədinin məhkum olunduğu 13 il həbs cəzası haqda danışır

“Orada saxlanılanlar yaxşı bilir... Qolu bağlı, gözü bağlı olursan. Sorğu-sual ediləndə müstəntiqi görmürsən, qayda belədir ki, gözlərin üzərinə bir gözlük bağlanır,” deyə İran İnqilab Məhkəməsi tərəfindən 13 il həbsə məhkum edilmiş güneyli fəallardan biri Seyyid Taha Kirmani Təbrizin Ettelaat həbsxanasında keçirdiyi günləri təsvir edir.

Seyyid Taha Kirmani Ettelaat məhbəsindəki təcrübəsi haqda danışır
please wait

No media source currently available

0:00 0:21:11 0:00

42 gün nəzarət altında saxlanıldığı zaman işgəncəyə məruz qaldığını söyləyən Kirmani Amerikanın Səsi ilə söhbətdə özü və digər təbrizli fəal Hüseyn Əli Məhəmmədiyə qarşı çıxarılmış 13 il həbs hökmü haqqında danışıb. O, həmçinin təhlükəsizlik qüvvələri tərəfindən tutulduğundan Ettelaat həbsxanasında dindirilmə və mühakimə prosesinə qədər baş verənləri şərh edib.

Orada saxlanılanlar yaxşı bilir. Qolu bağlı və gözü bağlı olursan, sorğu-sualda da siz soruşan adamı görmürsünüz. Qayda belədir ki gözünüzü bir gözlüklə bağlayırlar və siz soruşulan sualların cavabını kağız üzərində yazırsınız...
Seyyid Taha Kirmani

Seyyid Taha Kirmani özü və Hüseyn Əli Məhəmmədinin 13 il həbs cəzası almasına səbəb olan ittihamların əsassız olduğunu, göstərdikləri fəaliyyətlərində isə İran İslam Respublikası qanunları çərçivəsindən kənara çıxmadıqlarını vurğulayır.

İki fəal 2013-cü ilin noyabr ayında Təhlükəsizlik Nazirliyinin qüvvələri tərəfindın nəzarət altına alınıb Təbriz Ettelaat həbsxanasında 42 gün sorğu-suala çəkiliblər.

“2013 noyabr ayında Təbriz Polisinin təhlükəsizlik bölməsi tərəfindən çağrıldım. Burada polis bir vasitə rolu oynayırdı, oraya gedəndə məni Ettelaat məmurlarına təslim etdilər. Qolu bağlı və gözü bağlı bir şəkildə zindana apardılar. Aldığım bilgilərə görə Hüseyn də Ettelaat tərəfindən evində tutulmuşdu. İran qanunlarına görə birini nəzarət altına alanda məhkəmə icazəsi göstərilməlidir. Bizə elə bir şey göstərmədilər,” deyə Kirmani qeyd edir.

O, saxlanıldıqları həbsxana şəraitinin də qanunlara uyğun olmadığını önə çəkir:

“Orada saxlanılanlar yaxşı bilir. Qolu bağlı və gözü bağlı olursan, sorğu-sualda da siz soruşan adamı görmürsünüz. Qayda belədir ki gözünüzü bir gözlüklə bağlayırlar və siz soruşulan sualların cavabını kağız üzərində yazırsınız... Əslində İran qanunlarında da deyir ki sorğu-sual və araşdırma mərhələsində hər hansı bir işgəncə durumu olmamalıdır. Halbuki, misal üçün gözləri bağlamaq aydın bir işgəncə örnəyidir...”

Mən burada yenə də ali məhkəməyə müraciət edirəm ki bu dosyanı bir daha oxusunlar, niyə iki nəfərə 26 il həbs hökmü veriblər? Bunun nədənini desinlər. Umud edirəm bizim dosyada yenidən araşdırma aparılsın və bu suçlar üzərimizdən qalxsın, Hüseyn Əli Məhəmmədinin də təkrar azadlığını görək. Toplum da belə hökmlərə diqqət edir və bu durumda məhkəmələrə olan güvənə də zərər vurulur...
Seyyid Taha Kirmani

Taha Kirmani və Hüseyn Əli Məhəmmədi Ettelaat həbsxanasının təkadamlıq kamerasında saxlanılıb və 42 gün vəkillə təmin edilmədən dindiriliblər. Kirmaninin dediklərinə görə, onların ailələri ilə məhdud şəkildə telefon təmasları olub və ancaq məmurların məsləhət bildiyi zaman sağlıq durumlarının yaxşı olması ilə bağlı ailələri ilə söhbət edə biliblər.

“Biz işgəncəyə məruz qaldığımızı həm sözlü həm də yazılı şəkildə məhkəməyə bildirdik. Onlardan gedib bizim saxlanıldığımız həbsxananı görmələrini tələb etdik. Oradakı təkadamlıq kameralar özü işgəncə anlamına gəlir. Dedik araşdırsınlar görsünlər biz nə durumda etiraf verdik,” deyə güneyli fəal işgəncə altında əldə edilən etiraflara əsasən hökm verməyin qanunsuz olduğunu önə çəkir.

Təbrizli fəallar Susma adlı dərgi və Susuz Göl adlı bloqda fəaliyyətləri üçün “rejimə qarşı təbliğat” və “ali ruhani lideri təhqir etmək” ittihamlarına məruz qalaraq 3 il həbs, habelə özləri rədd etsələr də, İran İslam Respublikasının bayrağını yandırdıqları iddiası ilə “müqəddəsləri aşağılamaq” və “ictimai mülkiyyətə qəsdən ziyan vurmaq”da ittiham edilərək əlavə olaraq 10 il həbsə məhkum olublar.

Fəaliyyətləri haqqında Amerikanın Səsinə məlumat verən Taha Kirmani İran İslam Respublikası qanunlarına zidd hərəkət etmədiklərini deyir.

O, həmçinin hazırda həbsdə olan Hüseyn Əli Məhəmmədinin durumu haqqında məlumat verərək onun ötən mart ayında nəzarət altına alınıb Təbriz Mərkəzi zindanına aparıldığı zaman məmurlar tərəfindən döyüldüyünü bildirir.

“Mən burada yenə də ali məhkəməyə müraciət edirəm ki bu dosyanı bir daha oxusunlar, niyə iki nəfərə 26 il həbs hökmü veriblər? Bunun nədənini desinlər. Umud edirəm bizim dosyada yenidən araşdırma aparılsın və bu suçlar üzərimizdən qalxsın, Hüseyn Əli Məhəmmədinin də təkrar azadlığını görək. Toplum da belə hökmlərə diqqət edir və bu durumda məhkəmələrə olan güvənə də zərər vurulur..,” deyə Taha Kirmani əlavə edir.

XS
SM
MD
LG