Accessibility links

Təbriz prokuroru: Aclıq edən GAMOH-çular hələ ölməyiblər?


Yrni GAMOH üzvləri aclıq edir
Yrni GAMOH üzvləri aclıq edir

Yeni GAMOH-un sədri Lətif Həsəni və üzvlər Ayət Mehrəlibəyli, Şəhram Radmehr, Mahmud Fəzli, Behbud Quluzadə həbsdə aclıq edir

İranda Azərbaycan milli kimliyi uğrunda dinc mübarizə apardığına görə həbsə salınan beş nəfər aclıq aksiyasını davam etdirir.

Həmin beş nəfər Yeni GAMOH (Güney Azərbaycan Milli Oyanış Hərəkatı) təşkilatının sədri Lətif Həsəni və qurumun üzvləri Ayət Mehrəlibəyli, Şəhram Radmehr, Mahmud Fəzli, Behbud Quluzadədir.

“Media forum” saytının məlumatına görə, aclıq edənlərdən Şəhram Radmehrin anası Əzizə Mövlayi iyulun 18-də jurnalistlərə açıqlamasında deyib ki, oğlunun və aclığa qatılan digər fəalların səhhəti ilə maraqlanmaq üçün hər gün Təbriz zindanına gedir.

Əzizə Mövlayi bildirib ki, fəalların səhhəti pisdir: “Dünən məsələ ilə bağlı Təbriz prokuroru Xəlilullahinin yanına getmişdik. Bizi görən kimi soruşdu ki, aclıq edənlər hələ ölməyiblər? Məndən və digər aksiyaçıların analarından istədi ki, övladlarımızın yanına gedib onları aclığı dayandırmağa səsləyək. Övladlarımızla görüşəndə çox israr etdik ki, aclığı dayandırsınlar. Onlar zülmə baş əyməyəcəklərini, onlara qarşı çıxarılan ədalətsiz həbs qərarı ləğv edilənə qədər aclığı davam etdirəcəklərini bildirdilər.

Onları bir neçə dəfə zindanın klinikasına aparıblar. Sistem qoşmaq istəyiblər, amma aksiyaçılar buna imkan verməyib”.
Əzizə Mövlayinin sözlərinə görə, Təbriz prokuroru fəalların ailə üzvlərini təhdid edərək deyib ki, fəallar aclığı dayandırmasalar ölkənin ən ucqar yerlərindən birinə sürgün edilə bilərlər.

Aclıq edən 5 azərbaycanlı fəal hazırda Təbrizin mərkəzi həbsxanasında saxlanır. Təbriz inqilab məhkəməsi azərbaycanlı fəalları qanunsuz təşkilat yaratmaqda və dövlət quruluşuna qarşı təbliğat aparmaqda günahlandıraraq onların hər birini 9 il müddətinə azadlıqdan məhrum edib. Qərara İranın Şərqi Azərbaycan əyalətinin apellyasiya məhkəməsində baxılsa da, fəallara qarşı çıxarılan qərar qüvvədə saxlanılıb.

Yeni GAMOH təşkilatının üzvü olan məhbuslar Təbriz məhkəməsinin hökmünə və zindanda saxlandıqları şəraitə etiraz olaraq iyulun 13-dən aclıq aksiyası keçirilər.

İran Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları fəallar Mahmud Fəzlini 2012-ci il dekabrın 31-də Təbrizdə, Ayət Mehrəlibəylini 2013-cü il yanvarın 9-da Təbrizdə, Lətif Həsənini fevralın 6-da Kərəc şəhərində, Şəhram Radmehri fevralın 6-da Meşkinşəhər (Xiyav) şəhərində, Behbud Quluzadəni isə fevralın 16-da Qoşaçay (Miyandab) şəhərində həbs edib.
XS
SM
MD
LG