Accessibility links

Türkiyə İraqda PKK hədəflərinə qarşı hərbi əməliyyatlar keçirir


Türkiyənin döyüş təyyarələri İraqın şimalında kürd yaraqlılarının hədəflərini bombardman edib. Bu, Türkiyə prezidenti Rəcəb Rayyib Ərdoğanın kürdlərlə sülh səylərini davam etdirməyin mümkün olmadığını deməsindən bir neçə saat sonra baş verib.

Baş nazir Əhməd Davudoğlunun ofisindən verilən məlumata görə, döyüş təyyarələri sığınacaq yerləri, silah anbarları və mağaraları hədəf alıb. Bu, Türkiyənin keçən həftə kürd yaraqlıları və Suriyanın şimalında İslam Dövləti qrupunun döyüşçülərinə qarşı başladığı əməliyyatdan sonra ən böyük hücumdur.

İraq hava əməliyyatlarını “vəziyyəti təhlükəli şəkildə gərginləşdirib və ölkənin suverenliyinə hücum olduğunu” bildirərək qınayıb.

Cənab Davudoğlu kürd döyüşçülər və İslam Dövləti qrupuna qarşı mübarizənin terrorizmə qarşı mübarizə ilə sinxronlaşdırıldığını deyib.

Lakin Türkiyənin İraqda və ölkənin cənub-şərqində PKK-nin hədəfləri qarşı hücumları daha ağır olub. Ankarada kürd tərəfdarı müxalifət cənab Ərdoğanı partiyanın iyun ayında parlament seçkilərində yüksək nəticələr göstərərək, iqtidar partiyasının parlamentdə üstünülüyünü saxlamasına mane olmasına görə qisas məqsədilə hava hücumlarına başlamaqda ittiham edib.

“Bizim yeganə cinayətimiz səslərin 13 faizini almaqdır”-deyə kürd tərəfdarı Xalq Demokratik Partiyasının lideri Səlahəddin Demirtaş bildirib.

Cənab Ərdoğan PKK-nın 1984-cü ildə başladığı üsyana son qoymaq məqsədilə kürdlərlə 2012-ci ildə sülh danışıqlarına başlamaq təşəbbüsü ilə çıxış etmişdi. Lakin o hazırda prosesi davam etdirməyin mümkün olmadığını bildirib və parlamenti yaraqlılarla əlaqəsi olan qanunvericilərin toxunulmazlıq statusunun götürülməsinə çağırıb.

Türkiyə parlamenti cənab Ərdoğanın deputat toxunulmazlığı ilə bağlı təklifi və hərbi əməliyyatları müzakirə etmək üçn iclas keçirir.

Prezident Rəcəb Tayyib Ərdoğan daha öncə bildirib ki, terrorizmlə mübarizədə Türkiyə geri addım atmayacaq.

Onun çıxışı NATO-nun Türkiyədə baş verən terror hücumları ilə bağlı fövqəladə iclas keçirdiyi və bəyanat verdiyi eyni günə təsadüf edib.

XS
SM
MD
LG