Accessibility links

Azərbaycan qəzeti: Obama Azərbaycanı Liviya etmək istəyir


Azərbaycan qəzeti
Azərbaycan qəzeti

“Washington Post” qəzetinin aprelin 15-də dərc etdiyi “Olimpiya məşəlini öləzidən ölkə” başlıqlı redaksiya məqaləsindən sonra aprelin 17-də Azərbaycanın rəsmi dövlət qəzeti “Azərbaycan” "Obama-Kerri cütlüyü: “müstəsnalığın” islamofob və ermənipərəst fəsadları” başlıqlı redaksiya məqaləsi ilə çıxış edib.

“Washington Post”un redaksiya məqaləsində Azərbaycanda insan hüquqları, vətəndaş fəallarının, jurnalistlərinin həbsindən bəhs edir. QHT-lərin, vətəndaş fəallarının, keçmiş diplomatların, ekspertlərin dövlət katibi Con Kerriyə Azərbaycanda insan hüquqlarının ağır durumu ilə bağlı məktubu xatırladılır.

Məqalədə deyilir ki, Avropa Olimpiya Komitələri Olimpiya Xartiyasının məqsədlərinə sadiqdir. Bu xartiyaya “Olimpizmin fundamental prinsipləri” daxildir. Xartiyanın ikinci bölümündə oxuyuruq: “Olimpizmin məqsədi idmanı bəşəriyyətin harmonik inkişafına xidmət elətdirmək, bəşəri ləyaqətin qorunması naminə dinc cəmiyyəti irəli aparmaqdır.

“İnsan ləyaqəti barədəki cümlə çox vacibdir, çünki Avropa Oyunları 2015 insan haqları dəhşətli durumda olan, getdikcə pisləşən bir ölkədə oynanılacaq”, “Washington Post” yazır.

“Azərbaycan” qəzetinin "Obama-Kerri cütlüyü: “müstəsnalığın” islamofob və ermənipərəst fəsadları” başlıqlı redaksiya məqaləsində isə birbaşa ABŞ prezidenti Barak Obama və dövlət katibi Con Kerri tənqid atəşinə tutulur.

“Bu gün Barak Obama xarici ölkələrdən birinin Bakıdakı səfirliyində gizlənərək məsuliyyətdən yayınmağa çalışan RATİ-nin sədri Emin Hüseynovun taleyini daha çox “düşünür”. Əks təqdirdə ABŞ Dövlət Departamenti, Human Rights Watch, Freedom Hause və digər bu kimi təşkilatlar E.Hüseynovun deyil, C.Assancın taleyi ilə maraqlanardılar. Belə olmasaydı, bir qrup avantürist ABŞ Dövlət katibi C.Kerriyə müraciətlərində X.İsmayıl, L.Yunusun deyil, Wikileaks saytına məlumatları ötürən Bredli Menninqin taleyini gündəmə gətirərdilər. Yaxud da ABŞ təşkilatları guya ayrı-ayrı ölkələrdəki “dözülməz vəziyyətdən baş götürüb qaçan mühacirlərlə” yanaşı, həm də dünyanın ən qüdrətli dövlətinin qisasından qaçaraq Rusiyaya sığınmış, ancaq orada da qorxu altında yaşayan Edvard Snoudeni müdafiə edərdilər”, məqalədə qeyd edilir.

Qəzet ekspertlərə istinadən hesab edir ki, Obama-Kerri cütlüyü dövründə olduğu kimi, Amerika hakimiyyəti heç vaxt maliyyə-iqtisadi və lobbi qruplarından asılı vəziyyətdə olmayıb.

. Bu gün Azərbaycan ictimaiyyətinə də belə bir rəy hakim kəsilib ki, müstəqil Azərbaycana münasibətdə Amerikanın mövqeyində heç vaxt bu qədər ermənipərəstlik özünü büruzə verməyib.

“Amerika prezidentləri və dövlət katiblərindən heç biri bu qədər islamofob mövqeyi ilə seçilməyiblər. Bu gün Azərbaycan ictimaiyyətinə də belə bir rəy hakim kəsilib ki, müstəqil Azərbaycana münasibətdə Amerikanın mövqeyində heç vaxt bu qədər ermənipərəstlik özünü büruzə verməyib. Məlumdur ki, Bill Klintonun dövründə Azərbaycanla ABŞ arasında formalaşan əməkdaşlıq əlaqələri yüksələn xətt üzrə inkişaf etdirildi və strateji tərəfdaşlıq səviyyəsinə qalxdı. Məhz Azərbaycanın əlverişli strateji mövqeyi ABŞ-a Cənubi Qafqazda və Xəzər dənizi regionunda siyasi və iqtisadi proseslərdə fəal iştirak etməyə şərait yaratdı. Azərbaycan Qərb institutları ilə əməkdaşlıq əlaqələri qurdu və inkişaf etdirdi, NATO-nun “Sülh naminə tərəfdaşlıq” proqramının fəal iştirakçısına çevrildi. Azərbaycan beynəlxalq antiterror koalisiyasına dəstək verdi, dünyanın müxtəlif qaynar nöqtələrində həyata keçirilən sülhyaratma missiyalarında iştirak etməyə başladı”.

“Azərbaycan” qəzeti Suriya və Bəhreyndəki eyni hadisələrə ABŞ-ın fərqli mövqedən yanaşdığına istinad edir və bu fərqli münasibətin Dağlıq Qarabağ münaqişəsində açıq göründüyünü bildirir.

“Şübhəsiz, ABŞ-ın ikiüzlü siyasəti bu ölkəyə rəhbərlik edən şəxslərin Ukraynadakı hadisələrə və Dağlıq Qarabağ probleminə tam fərqli, beynəlxalq hüquq normalarını və ədalət prinsipini inkar edən yanaşmasında da özünü açıq göstərir”.

Qəzet “Forbes”in şərhçisi Mark Adomanisin fikirlərinə istinad edərək yazır ki, Barak Obamanın siyasətində açıq müşahidə olunan qeyri-ardıcıllıq, ikiüzlü məntiq, ikili standartlar ifşa edilir.

Problem odur ki, ABŞ-ın 1990-cı illərdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə münasibətinin ab-havası yenidən hiss olunmaqdadır.

“Bu siyasətin konturları son bir neçə ildə ABŞ-ın Azərbaycana münasibətində daha aydın görünməyə başlamışdır. Burada söhbət təkcə Obama Administrasiyasının və Dövlət Departamentinin, Amerika mediasının və QHT-lərinin Azərbaycanı hədəfə götürməsindən getmir. Problem odur ki, ABŞ-ın 1990-cı illərdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə münasibətinin ab-havası yenidən hiss olunmaqdadır. Bu ab-havanın formalaşmasında cənab Obama ilə yanaşı, Dövlət katibi Con Kerrinin Amerikanın dövlət maraqları ilə uzlaşmayan şəxsi mövqeyi, erməni lobbisi ilə sıx əlaqələri az rol oynamır”.

Məqalədə deyilir ki, bu gün ABŞ-a islamofob, ermənipərəst Barak Obama və Con Kerri kimi şəxslər rəhbərlik edirsə, Azərbaycan ictimaiyyətinin ABŞ-ın yürütdüyü siyasətdən narazılığına kifayət qədər ciddi əsaslar var.

Çünki Vaşinqtonun uzun illərdir Azərbaycanda yaratdığı “beşinci kolon” darmadağın edilib, Azərbaycan da Türkiyə kimi ABŞ-ın antirusiya siyasətində yer almaqdan imtina edir.

“Azərbaycan ictimaiyyəti anlayır ki, bu gün ABŞ-ın və onun təhriki ilə bəzi Avropa dairələrinin Azərbaycana qarşı təzyiqləri ilk növbədə Azərbaycan hakimiyyətinin müstəqil siyasəti, rəsmi Vaşinqtonun iradəsi ilə hesablaşmamasından irəli gəlir. Çünki Vaşinqtonun uzun illərdir Azərbaycanda yaratdığı “beşinci kolon” darmadağın edilib, Azərbaycan da Türkiyə kimi ABŞ-ın antirusiya siyasətində yer almaqdan imtina edir. Bütün bunlar isə “müstəsna”, “əvəzolunmaz”, “lider” xalqın başında duranları hiddətləndirir. Onlar başa düşməlidirlər ki, belə metodlarla Azərbaycanın siyasi kursuna təsir etmək, onu öz yolundan döndərmək mümkün deyil. Çünki Azərbaycan hakimiyyəti, Azərbaycan Prezidenti hər bir addımında, hər bir qərarında Azərbaycanın milli maraqlarını rəhbər tutur, xalqın rəyini ifadə edir və xalqa arxalanır”.

Redakdiya məqaləsi Azərbaycanın Qərb və ABŞ müttəfiqliyindən geri çəkiləcəyi ilə bağlı hədə tonu ilə yekunlaşır.

Azərbaycan vətəndaşları aydın görürlər ki, ABŞ üçün strateji tərəfdaşlıq anlayışı heç bir əhəmiyyət kəsb etmir və cənab Obama heç bir vicdan əzabı çəkmədən Azərbaycanı da Liviyaya çevirməyə hazırdır.

“Bu gün Azərbaycan ictimaiyyəti anlayır ki, Ukraynaya görə Rusiya kimi nəhəng dövləti diz çökdürməyə çalışan Amerika və onun tərəfdaşlarının Ermənistanın işğalçılıq siyasətinə göz yummasının arxasında ABŞ rəhbərliyinin antimüsəlman və ermənipərəst siyasəti dayanır. Azərbaycan vətəndaşları aydın görürlər ki, ABŞ üçün strateji tərəfdaşlıq anlayışı heç bir əhəmiyyət kəsb etmir və cənab Obama heç bir vicdan əzabı çəkmədən Azərbaycanı da Liviyaya çevirməyə hazırdır. Buna görə də Azərbaycan ictimaiyyəti hesab edir ki, rəsmi Bakı da ABŞ və Qərblə münasibətlərinə, o cümlədən antiterror koalisiyasında iştirakın davam etdirilməsinə, NATO hərbçiləri üçün nəqliyyat dəhlizlərinin yaradılmasına və digər məsələlərə yenidən baxmalıdır. Azərbaycanda bir politoloqun dediyi kimi, “Özbəkistan Prezidenti İslam Kərimov kimi qəti qərar qəbul edib bunlarla birdəfəlik qurtarmaq lazımdır”, rəsmi dövlət qəzeti qeyd edir.

ABŞ tərəfi hələ məqalə ilə bağlı mövqe bildirməyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG