Accessibility links

Vəkil Əlaif Həsənovun kollegiya üzvlüyündən çıxarılıb


Siyasi məhbusların vəkili olmaqla tanınan cənab Həsənov qərarı qanunsuz hesab edir

Vəkillər Kollegiyasının Rəyasət Heyəti dünən tanınmış vəkil Əlaif Həsənovun kollegiya üzvlüyündən çıxarılması haqqında qərar qəbul edib. Həsənovun özünün Turan-a verdiyi məlumata görə, o, müzakirəyə dəvət edilməyib. Hətta bu barədə ona məlumat verilmədiyini deyən vəkil bu əsasla qərarın qanunsuz olduğunu bildirib.

Cənab Həsənovun sözlərinə görə, kollegiyadan çıxarılması üçün 240 saatlıq ictimai işlərə cəlb edilməsi haqqında 6 noyabr 2014-cü il tarixli məhkəmə qərarı bəhanə olub. Cəzanın səbəbi Leyla Yunusun keçmiş kamera yoldaşı Nuriyyə Hüseynovanın iddiasıdır.

Leyla Yunusun Hüseynovanın ona təzyiq göstərməsi haqqında bəyanatlarından sonra sonuncu özünü təhqir olunmuş hesab edib. Vəkil isə öz növbəsində Yunusun sözlərini mətbuata çatdırıb.

Həsənov iddianı və məhkəmə qərarını əsassız hesab edir. Vəkilin sözlərinə görə, onun ittiham olunduğu pozuntu ictimai təhlükə törədən əməl deyil və buna görə vəkillik statusundan məhrum etmək olmaz.

Bundan başqa, Ali Məhkəmə hələ onun kassasiya şikayətinə baxmayıb və işə son nöqtə qoyulmayıb.

Vəkil həmçinin qeyd edib ki, Rəyasət Heyətinin iclası haqqin.az saytında "Sədr Azər Tağıyev müxalifətçiləri qanadı altına alır?" başlıqlı məqalənin dərc edilməsindən bir neçə gün sonra keçirilib. Məqalədə faktiki olaraq Həsənovu cəzalandırmaq çağırışı yer alırdı.

"Mən kollegiyanın qərarı haqqında elə həmin qurumun saytından öyrəndim, kollegiya rəhbərliyi isə bu qərarı təsdiq etdi. Mənə dedilər ki, mən artıq başlamış işlər üzrə işi davam etdirə bilmərəm. Beləliklə, mən siyasi məhbuslar Ömər Məmmədov, Murad Ədilov və başqalarını müdafiə edə bilməyəcəyəm", deyə Həsənov bildirib. Vəkil deyib ki, kollegiyanın qərarından məhkəməyə şikayət etmək niyyətindədir.

Bu arada, Vəkillər Kollegiyasından Turan-ın müxbirinə bildiriblər ki, Həsənovun səlahiyyətlərinin dayandırılması haqqında qərar qəbul edilib və kollegiya onun vəkillik səlahiyyətlərinə xitam verilməsi haqqında məhkəməyə müraciət edəcək.

Qeyd edək ki, son illər fəal vətəndaş mövqeyi ilə məşhur olan və siyasi məhbusları müdafiə edən bir sıra hüquqşünas - Xalid Bağırov, Aslan İsmayılov, Elçin Namazov kollegiyadan çıxarılıb.

XS
SM
MD
LG