Accessibility links

Xədicə İsmayıl ittihamları siyasi sifariş sayır [Video]


Xədicə İsmayıl siyasi sifarişlə həbs edildiyini bildirib
please wait

No media source currently available

0:00 0:05:36 0:00

Xədicə İsmayıl siyasi sifarişlə həbs edildiyini bildirib

Jurnalist məhkəmə heyətinin sifarişlə hökm çıxaracağıını bildirib

Iyulun 24-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə jurnalist Xədicə İsmayılın işi üzrə hazırlıq iclası keçirilib.

Jurnalistin məhkəmə zalına daxil olmağa müvəffəq olan azsaylı həmkarları onu alqışlarla qarşılayıb. Bu zaman iclasın keçirilməsi üçün yüksək təhlükəsizlik tədbirləri görülüb. Zalda 20-dən çox nəzarətci və cəmi 26 müşahidəçi iştirak edirdi. Müşahidəçilərin bir qismi xarici diplomatlar idi.

İsmayılova şüşə qəfəsə - “akvariuma” salınıb.

Prosesin əvvəlində o bildirib ki, saxlandığı 1 saylı Bakı İstintaq Təcridxanasının rəhbərliyi onun yazışmalarını gecikdirir. Belə ki, Ali Məhkəmədən iyunun 22-də göndərilmiş məktub ona iyulun 13-də təqdim edilib.

“Məni getdikcə daha çox təcrid edirlər. Özümü Kəmaləddin Heydərov (Fövqəladə Hallar naziri-red), İlham Əliyev (prezident-red) kimi hiss edirəm. İstintaq Təcridxanasında məni aparanda bütün dəhlizləri boşaldırlar... Həftənin iki günü telefon danışıları aparadığım zaman yollarım təmizlənir. Həftənin 6 günü isə bütün geydiyim paltarlar belə yoxlanır. Deyəsən həbsxanada çoxlu yeni iş yerləri açmışam ”, o ironiya ilə bildirib.

Daha sonra jurnalist, məhkəmədən uydurma səbəblərlə müdafiəsindən uzaqlaşdırılan Yalçın İmanovun onun vəkili kimi bərpa edilməsi haqqında vəsatət qaldırıb.

Hakim Xədicə İsmayıldan məhkəmə heyətinə etirazı olub-olmadığı barədə soruşduqda sədrlik edənə belə cavab verib:

“Mən sizi Əvəz Zeynallının (hakim Ramella Allahverdiyeva bir neçə il öncə “Xural” qəzetininn baş redaktoru barədə 9 il həbs verib-red ) prosesindən tanıyıram. Bilirəm ki, sifarişli hökm çıxaracaqsınız. Amma burada bütün hakimlər sizin kimidir. Seçimim olmadığı üçün hansı hakimin sədrlik etməsinin fərqi yoxdur”.

Vəkil Fariz Namazlı da Yalçın İmanovun müdafiəçi kimi bərpası haqqında vəsatət qaldırıb. Amma vəsatət təmin edilməyib.

Daha sonra Namazlı bildirib ki, Xədicə İsmayıl ittiham edildiyi cinayətlərin subyekti deyil – o, radio işçiləri ilə müqavilə bağlamayıb. Heç bir maddi məsuliyyət daşımayıb.

Namazlı həmçinin bildirib ki, “Azadlıq” radiosunun lisenziyasının olmaması barədə ittihamın İsmayıl ilə heç bir əlaqəsi yoxdur.

O radioda vəzifəli şəxs deyildi, yalnız Bakı Bürosunun yaradıcılıq fəaliyyətinin əlaqələndiricisi idi.

O, əmlaka və maliyyə resurslarına, işçilərin vergi ödəməsinə görə cavabdeh deyildi.

“Xədicə ağır nəticələrə səbəb olacaq qərarlar qəbul edə bilməzdi, ona görə ki, ona əmlak etibar edilməmişdi”, deyə vəkil bildirib.

Vəkil həmçinin Tural Mustafayevin təzyiq altında jurnalistə qarşı iddia ərizəsi yazdığı barədə etirafına diqqət çəkib. Amma istintaq ona kimin təzyiq göstərdiyini araşdırmayıb.

Vəkil Fəxrəddin Mehdiyev Xədicə İsmayılın əməllərində qanunsuz sahibkarlığın əlamətlərinin olmamasına diqqət çəkib. Çünki o, kommersiya fəaliyyəti ilə məşğul olmayıb.

İsmayıl həmçinin vəzifə səlahiyyətlərindən sui-istifadə edə bilməzdi, belə ki, yaradıcı fəaliyyətlə məşğul idi və maliyyə vəsaitlərini idarə etmirdi.

İsmayılova özü qeyd edib ki, onun bank sənədlərini imzalamaq səlahiyyəti yox idi və o, vergilərə görə cavabdeh deyildi.

“Mənimsəmə və israf etibar edilmiş əmlak barəsində törədilə bilər, mənim isə belə bir etibanaməm yoxdur, mən yaradıcılıq məsələlərinin planlaşdırılması ilə məşğul idim”, deyə İsmayıl bildirib.

Tural Mustafayevin özünüöldürmə həddinə çatdırılması haqqında ittihama toxunan İsmayıl deyib:

“Bu barədə danışmaq istəmirəm. İnsanların zəifliyindən istifadə etmək mənim işim deyil, sizin işinizdir. Bizim işimiz zəifləri qorumaqdır”, deyə o bildirib.

Jurnalist qeyd edib ki, cinayət işi ilə tanış ola bilməyib, belə ki, ona materiallarda qeydlər aparmağa icazə verməyiblər. Ona materiallarını surətini verməyi vəd ediblər, amma hələ də surətləriverməyiblər.

Sədrlik edən hakim bildirib ki, proses zamanı surətlər İsmayılovaya təqdim ediləcək.

Müdafiə tərəfi həmçinin bəzi şahidlərin siyahıdan çıxarılması haqqında vəsatət qaldırıb, amma bu vəsatət, eləcə də məhkəmənin videoçəkilişinin aparılması haqqında vəsatət təmin edilməyib.

Hakim Mustafayevin İsmayılovaya qarşı şikayətindən imtina etdiyi videomüraciətini də qəbul etməyib.

Xədicə İsmayıl da məhkəmənin videoçəkilişinin aparılmasında israr edib.

“Şəxsi həyatımdan kadrlar gizlicə çəkilibsə, məhkəməni niyə çəkmək olmaz?”

İsmayıl bildirib ki, onu İlham Əliyevin və onun ailə üzvlərinin biznesinin araşdırılmasına son qoymağa məcbur etmək üçün həbs ediblər.

“Amma indi bunu həmkarlarım edir”, deyən jurnalist əlavə edib ki, istintaq və İstintaq Təcridxanası rəhbərliyi ondan mətbuatda material dərc etməməyi tələb edir, İlham Əliyevin isə ona qarşı şəxsi ədavəti var.

Prokuror onun sözünü kəsməyə çalışıb, amma İsmayıl qeyd edib ki, İlham Əliyevin adı prokurorun inhisarında deyil.

Onun vəkillərin yanına oturdulması çağırışına cavabda prokuror deyib:

“O, mühafizə altında belə məhkəməyə təzyiq göstərir. Onu buraxmaq olmaz”. Daha sonra o bildirib ki, həbsdə saxlanılması jurnalistin təhlükəsizliyi ilə əlaqədardır.

Bu zaman jurnalist deyib ki, prokurorun təhlükəsizliyi barədə dedikləri onu təəccübləndirib. “Az qala təəccübümdən göz yaşları axıdacaqdım”, o prokurora istehza edib.

İclasın fasiləsində İsmayıl danışıb ki, Kürdəxanı İstintaq Təcridxanasında Leyla Yunusa işgəncə verən Nuriyyə Hüseynova bütün məhbuslara bunu necə etdiyini fəxrlə danışır. Hüseynova etiraf edir ki, rəhbərliyin etmadını qazanıb, bütün işləri yoluna qoya bilər.

“Leyla Yunus özünün söylədiklərindən dəfələrlə çox işgəncələrə məruz qoulub”, jurnalist qeyd edib.

Fasilədən sonra hakim cinayət icraatına xitam verilməsi, qətimkan tədbirinin dəyişdirilməsi, jurnalistin vəkillərinin yanında oturmasına icazə verilməsi və s. haqqında vəsatətləri təmin etməyib.

Məhkəmə avqustun 7-i saat 11.00-a təyin edilib.

XS
SM
MD
LG