Accessibility links

Anar: Satılmayan yazıçılar da var, satılmayan kitablar da var [Video]


Azərbaycan Yazıçılar Birliyinin sədri Anarla müsahibə
please wait

No media source currently available

0:00 0:09:20 0:00

Azərbaycan Yazıçılar Birliyinin sədri Anarla müsahibə

Yazıçılar Birliyinin sədri “xalq yazıçısı”, “xalq şairi” fəxri adlarının əleyhinədir. Azərbaycanlı milyonerlər bir kitabın nəşrini belə maliyyələşdirməyib

Azərbaycan Yazıçılar Birliyi (AYB) ilə Rusiyanın “İnterFax” agentliyi Azərbaycanda bədii ədəbiyyat sahəsində çap edilən kitabların İnterfax-ın saytında yerləşdirilməsi ilə bağlı saziş imzalayıb.

İmzalanma mərasimindən sonra keçirilən mətbuat konfransında AYB-nin İdarə Heyətinin sədri Anar bildirib ki, Azərbaycan ədiblərinin yeni çap olunan kitabları İnterFax-ın saytında yaradılan rubrikada yerləşdiriləcək.

“Bu, Azərbaycan ədəbiyyatının geniş miqyasda təbliğində mühüm addım olacaq”, deyə o qeyd edib.

Yazıçılar Birliyinin sədri jurnalistlərin çoxsaylı suallarını da cavablandırıb.

Gənc yazarlarla Yazıçılar Birliyi arasında yaranmış problemlə bağlı suala cavabda Anar deyib ki, onun gənc yazarlarla hər-hansı konflikti yoxdur.

“Yazıçılar Birliyi gənc yazarlara geniş yer verilir, onların əsərləri jurnallarda dərc edilir. Mənim gənc yazarlarla iş üzrə müavinim var”.

Sədr yazıçıların dövlət vəsaiti hesabına tikilmiş mənzillərlə təmin edilməsi sahəsində yaranmış problemdən danışarkən bildirib ki, dünyanın heç bir ölkəsində ədiblərə dövlət vəsaiti hesabına tikilmiş ev verilmir .

“Azərbaycanda yazıçılara ev verilməsi barədə mən xahiş etmişəm. Hökumət torpaq sahəsi ayırdı, ev tikildi və 34 ədibə mənzil verildi. Amma, siyahıda 44 nəfər var idi, mənzil çatmayan 10 nəfər narazılıq edir. Gələcəkdə imkan olarsa onlar da mənzillə təmin ediləcək. Dəvəçidə yazıçılar üçün istirahət mərkəzinin tikintisi üçün isə maliyyə böhranı səbəbindən hələ vəsait ayrılmayıb”.

Anar ədiblərin fəaliyyətinin biznes fəaliyyəti ilə eyniləşdirilməsinin əleyhinədir. O, həmçinin yazarlara dövlət vəsaiti hesabına ev verilməsinin, əsərlərinin dövlət vəsaiti hesabına çap edilməsinin bu insanları siyasi təsir altına salması ilə bağlı sualı da düzgün hesab etmir.

“Bunların keyfiyyətli əsərlərin yaradılmasında heç bir rolu yoxdur. Satılmayan yazıçılar da var, satılmayan əsərlər də var”, deyə o qeyd edib.

Yazıçılar İttifaqının sədri Azərbaycan ədiblərinin əsərlərinin Rusiyada, Türkiyədə, Ukraynada, Özbəkistanda və başqa ölkələrdə çap edildiyini deyib.

“Xaricdə ən çox çap olunan Çingiz Abdullayevin əsərləridir. O, rus dilində yazır. İndi Kamal Abdullanın əsərləri də çap olunmaqdadır”.

Yazıçıların qurultayı bu ilin sonu və ya 2013-cü ilin əvvəllərində keçiriləcək. Anar sədrliyə namizədliyini irəli sürüb-sürməyəcəyinə aydınlıq gətirməyib.

“Bu barədə qurultay zamanı fikrimi deyəcəyəm”.

O, eyni zamanda qurultayın keçirilməsi üçün çətinliklərin olduğunu da gizlətməyib.

“Yazıçılar İttifaqının qurultayının gecikməsinə ilk öncə birliyin binasının təmir edilməsi və sonra qurumun 75 illik yubileyinin keçirilməsi səbəb oldu. İndi isə ittifaqın 2500-dən çox üzvü var, yalnız 250 nəfər qeydiyyatdan keçib. Qurultaya hazırlıq işləri davam etdirilir”.

Anar xalq yazıçısı və xalq şairi adlarının əleyhinədir. O, bunu Sovet təfəkkürünün məhsulu sayır.

“Mən vaxtı ilə bu adların ləğvi məsələsini 3 dəfə hökumət qarşısında qaldırdım. Bu zaman bir çox ədiblərin tənqidi ilə qarşılaşdım. Bundan sonra hökumət mən də daxil olmaqla, 10 yazıçıya xalq yazıçısı adı verdi. Bundan sonra məsələ olduğu kimi qalmaqdadır. Mən bu məsələni bir daha qaldıra bilməzdim”.

Sədr Yazıçılar Birliyinin üzvləri arasında 30-dan çox Cənubi Azərbaycandan olan ədibin də yer aldığını deyib. Onların qəbulu davam etdiriləcək.

Azərbaycan ədiblərinin əsərlərinin azərbaycanlı biznesmenlərin vəsaiti hesabına çapına gəlincə, belə hal olmayıb. Amma, vaxtı ilə Bakı milyonerləri Azərbaycan klassik ədəbiyyatının çapının maliyyələşdirilməsində mühüm rol oynayıb.

Amerikanın Səsinin “dünyanın bir çox ölkələrində humanitar aksiyalar keçirən ARDNŞ və Azərbaycanlı milyonerlərin vəsaiti hesabına ədiblərin əsərləri niyə çap edilmir?”, sualının cavabında ittifaq sədri deyib ki, “bu sualı milyonerlərə və dövlət neft şirkətinin rəhbərlərinə verin. Biz Yazıçılar Birliyinin binasının birinci mərtəbəsini icarəyə vermişik və oradan gələn vəsait hesabına Cənubi Azərbaycandan olan soydaşlarımızın və klassiklərimizin əsərlərini çap etdiririk”.

Xatırladaq ki, mətbuat konfransı keçirilən “İnterFax-Azərbaycan” İnformasiya Agentliyini Azərbaycan Dövlət Neft Şirkəti maliyyələşdirir.

Yazıçılar Birliyinin sədri Amerikanın Səsinin bu il qətlə yetirilmiş publisist Rafiq Tağı ilə bağlı sualına da cavab verib.

Anarın fikrincə, Rafiq Tağı çox istedadlı yazıçı olub. Amma, çox təəssüf ki, səhv yola getdi. Onun düşünülməmiş bəyanatları çox olub, məhz buna görə də Yazıçılar Birliyinin üzvlüyündən çıxarılıb.

“Rafiq Tağı Füzuliyə “şarlatan” deyirdi, Mirzə Cəlili “vətən xaini” adlandırırdı. Səməd Vurğun haqqında isə çox təhqiramiz ifadələr işlədirdi. Buna görə də biz buna dözə bilməzdik və onu AYB üzvlüyündən çıxarmaq qərarı verdik”.

Anar bildirib ki, Rafiq Tağı öldürüləndə AYB çox təəssüflənib və başsağlığı verib.

“O, çox istedadlı yazıçı idi. Heyf ki, o, bu yola getdi və ömrü bu sonluqla bitdi”.
XS
SM
MD
LG