Accessibility links

Ölkəsindən qaçan İspaniya kralının Əbu-Dabidə olduğu deyilir


ABC qəzeti İspaniyanın keçmiş kralı Xuan Karlosun maliyyə qalmaqalından sonra şəxsi təyyarəsi ilə Əbu-Dabiyə yola düşdüyünü və Emirates Palace Otelində qaldığını yazır. Sabiq kral Səudiyyə Ərəbistanı ilə əlaqəli maliyyə qalmaqalından sonra ölkəsini tərk etmək qərarı vermişdi.

Birləşmiş Ərəb Əmirliklərinin rəsmiləri və Emirates Palace Oteli məsələ ilə əlaqədar şərh çağırışına dərhal cavab verməyib.

Artan korrupsiya ittihamları ilə üzləşən 82 yaşlı Xuan Karlos bazar ertəsi qəfildən İspaniyanı tərk etmək qərarını elan etmişdi. Lakin onun harada olduğu rəsmi olaraq təsdiqlənməmişdi.

ABC Parisdən Əbu-Dabiyə doğru gedən şəxsi təyyarənin yolda İspaniyanın şimal-qərbindəki Vigo şəhərində dayanaraq Xuan Karlos, dörd təhlükəsizlik işçisi və başqa bir şəxsi götürdüyünü bildirib.

İspaniyanın kral tərəfdarı ABC qəzetinin bildirdiyinə görə, Əbu Dabinin Əl-Batein hava limanına çatdıqdan sonra keçmiş kral və ətrafındakılar helikopterlə hökumətə məxsus Emirates Palace Otelinə aparılıb.

İspaniya sarayının sözçüsü Xuan Karlosun harada olduğu haqda məlumatının olmadığını bildirib. Keçmiş kralın vəkili də məsələ ilə əlaqədar şərh verməyib.

Sosial mediada Xuan Karlosun Dominikan Respublikasında lüks bir kurortda , digərləri isə gəncliyinin çox hissəsini keçirdiyi Portuqaliyada olduğunu söyləyir. Lakin hər iki ölkənin rəsmiləri onun gəldiyi barədə məlumatlarının olmadığını bildiriblər.

İsveçrənin "La Tribune de Geneve" qəzetinin Xuan Karlosun Səudiyyə kralından 100 milyon dollar aldığını yazmasından sonra iyunda İspaniyanın Ali Məhkəməsi Xuan Karlosun Səudiyyə Ərəbistanında sürətli qatar müqaviləsində iştirakına dair ilkin istintaq başladıb.

İsveçrənin də məsələ ilə bağlı istintaqa başladığı xəbər verilir.

Keçmiş monarx rəsmi olaraq istintaq altında deyil və dəfələrlə iddialara münasibət bildirməkdən imtina edib.

Onun vəkili bazar ertəsi müvəkkilinin ölkədən getmək qərarına baxmayaraq hələ də İspaniya prokuroru tərəfindən istintaqa cəlb oluna biləcəyini söyləyib.

İspaniya ilə Abu Dabi arasında 2010-cu ildə Xuan Karlosun özü tərəfindən imzalanan ekstradisiya müqaviləsi var.

XS
SM
MD
LG