Ümumdünya Ticarət Təşkilatının yeni başçısı deyir ki, bu çətin zamanda işləri hər zamankı kimi aparmaq olmaz və qurumda “dərin və geniş-miqyaslı islahatlara ehtiyac var.”
“Mən ilk afrikalı və ilk qadın olmağımla qürur duyuram.”
Ümumdünya Ticarət Təşkilatının yeni təyin olunmuş baş direktoru Nqozi Okonco-İveala deyir ki, o, tarixi rolundan qürur duyur, amma yaxşı nəticələr əldə etmək üçün səriştəliyə ehtiyac var.
“Mən diqqətimi bu nəticələri əldə etməyə yönəldirəm. Mən əmin olmaq istəyirəm ki, insanlar ÜTT-nın dəyişiklik edən ilk liderinin mənim qitəmdən çıxdığını xatırlayacaq,” Okonco-İveala deyir.
Bu ilk dəfə deyil ki, 66 yaşlı Okonco-İveala tarix yazır. O, Nigeriyada ilk qadın maliyyə naziri və xarici işlər naziri olub.
O, həmçinin 26 il Dünya Bankında işləyib, daha sonra isə ölkəsinə dönüb. Twitter-də bank rəsmiləri onun təyinatına sevinərək, ona təbrik mesajları göndəriblər.
Okonco-İveala deyir ki, ticarət insanlarla, xüsusilə də qadınlar, eləcə də kiçik və orta miqyaslı biznes sahibləri kimi təcrid olunan insanları əsas ticarət axınına daxil etməklə əlaqəlidir.
Nigeriya parlamentinin sabiq üzvü və Efiopiya və Afrika İttifaqına keçmiş səfir olan Nkoyo Toto Okonco-İveala ilə işləyib və deyir ki, o, bir yenilikçidir.
“O, böyük innovatordur. Nqozi bununla bağlı “nəyi fərqli edə və çox çətin vəziyyətlərdə hansı dəyişiklikləri edə bilərəm”deyə düşünür,” Toyo bildirir.
Toyo deyir ki, Okonco-İveala ABŞ-la Çin arasında davam edən bu münaqişə fonunda beynəlxalq ticarət danışıqları kimi məsələlərə yeni perspektiv qatacaq.
“Məncə Nqozinin unikal cəhəti odur ki, o, dünyanın başqa hissələri ilə maraqlanır,” Toyo deyir.
O, təcili olaraq koronavirus pandemiyasının dağıdıcı təsirləri ilə mübarizə aparmalı olacaq, çünki onun sözlərinə görə, Ümumdünya Ticarət Təşkilatı bu sahədə çox iş görə bilər.
“Mənim üçün ilk prioritet Ümumdünya Ticarət Təşkilatının vaksinlər, terapiya və diaqnostikanı bütün ölkələr, xüsusilə də yoxsul ölkələr üçün əlçatan etməsinin yollarını tapmaqdır, çünki hazırda hər kəsin buna ədalətli çıxışı yoxdur,” Okonco-İveala deyir.
Nqozi Okonco-İvealanın vəzifə müddəti martın 1-də başlayır. O, ABŞ Prezidenti Co Bayden onun namizədliyini dəstəkləyəndən sonra bu vəzifəyə təyin olunub. Daha öncə sabiq Prezident Donald Tramp onun namizədliyini blok etmişdi.