Accessibility links

Taliban irəlilədikcə Avropa Əfqanıstandan miqrasiya böhranından qorxur


Əfqanıstandan daha çox qaçqın hər gün İrandan keçərək Türkiyəyə keçsə də, onların səyahəti burada bitmir, onların arzusu Avropa Birliyi ölkələrinə - onların Vəd Edilmiş Torpaq hesab etdiyi yerlərə çatmaqdır.

Lakin bu torpaqlar onları qəbul etmək istəmir və gəlmələrini əngəlləmək üçün planlar qurur.

Gündə təxminən 2000 əfqanıstanlı Türkiyəyə daxil olur və miqrasiya üzrə ekspertlər Taliban Əfqanıstanda nəzarətini artırdıqca bu rəqəmin də artacağını gözləyir.

Taliban Bayden administrasiyasının ABŞ qoşunlarını ölkədən çıxarmaq qərarından sonra son həftələrdə sürətlə ələ keçirdiyi kəndlərə Əfqanıstanın cənub və qərbində mühasirəyə aldığı üç böyük şəhəri də əlavə etmək istəyir.

NATO-nun demək olar ki, bütün qoşunları sentyabr ayına qədər ölkədən çıxacaq. Çox az sayda müşahidəçi Əfqanıstan hökumətinin dayana biləcəyinə inanır və keçən həftə Pentaqon müşahidəçiləri bu ölkənin hökumətinin "ekzistensial böhranla" üzləşəcəyi ilə bağlı xəbərdarlıq edib.

İrandan Türkiyəyə gedən əfqanlar ölkəni Talibanın sərt İslam idarəçiliyindən qorxaraq tərk edir. Miqrasiya qrupları Türkiyə sərhədlərinə gələnlərin çoxunun tək kişilər və çoxlarının təhsilsiz olduğunu deyirlər. Lakin onlar Avropada məskunlaşmaq və daha sonra ailələrinə qovuşmaq istəyirlər.

Avropa liderləri yeni bir miqrasiya böhranına hazırlaşır və Ankaranın Əfqanıstan və digər ölkələrdən sığınacaq axtaranların qarşısını alması üçün Türkiyə ilə bir neçə illik bir miqrasiya müqaviləsi üzərində danışıqlar aparır. Bu, Avropa İttifaqının qeyri-qanuni miqrasiyanı dayandırmaq, Türkiyədəki qaçqınların həyat şəraitini yaxşılaşdırmaq və rəsmi köçürmə sxemləri vasitəsi ilə qanuni miqrasiyanı gücləndirmək üçün Ankaraya milyardlarla dollar ödənməsini nəzərdə tutan 2016-cı ildə imzalanan beş illik müqavilənin yenilənməsi deməkdir.

İtaliya Yepiskoplar Konfransının xeyriyyə təşkilatı olan "Caritas Italiana"dan Daniele Albanese "2016-cı ilin müqaviləsi gələnlərin sayının məhdudlaşdırılmasına əhəmiyyətli təsir göstərdi" deyib. "2015-ci ildə Yunanıstana təxminən 861.630 insan gəlsə də, ondan sonrakı il bu rəqəm 36.310-na düşdü" - deyə, o bildirib.

Ancaq o, "daha yaxşı bir həyata layiq olan qaçqın əhalinin ehtiyaclarını nəzərə almayan bir siyasi yanaşmanın uzunmüddətli və davamlı bir həlldən uzaq olduğu" barədə xəbərdarlıq edir.

Avropa hökumətləri hazırda diqqəti qısamüddətli planlarla yönəldirlər və 2015-ci ilin açıq qapı miqrasiya siyasətinə qayıtmaq əhval-ruhiyyəsində deyillər. “ABŞ-dan sonrakı Əfqanıstanda ciddi bir miqrasiya problemi yaranıb və Talibandan qaçmağa çalışan insanların sayının artacağını düşünürük" - deyə, Avropa İttifaqının yüksək səviyyəli diplomatı Amerikanın Səsinə bildirib.

2015-2016-cı illərdə əksəriyyəti Suriya, Əfqanıstan və Səhraaltı Afrikadan olmaqla, Yaxın Şərqdən sığınacaq axtaran bir milyona yaxın insan Avropada məskunlaşıb.

XS
SM
MD
LG