Accessibility links

Əfqan Muxtarlının şikayətinə baxılıb


Əfqan Muxtarlı

Bakının Suraxanı Rayon Məhkəməsində həbsdəki jurnalist Əfqan Muxtarlının iki şikayətinə baxılıb.

Bu barədə jurnalistin həyat yoldaşı Leyla Mustafayeva məlumat verib.

Həmin şikayətlərdə jurnalistin həbsdə qeyri-insani rəftara məruz qaldığı və telefonla danışıq, yaxınları ilə görüşmək hüququna, habelə kitab verilməsinə məhdudiyyət qoyulduğu vurğulanır.

Əfqan Muxtarlının həbsdə qeyri-insani və ləyaqəti alçaldan rəftara məruz qalması iddiasının yer aldığı şikayətə dekabrın 27-də hakim Ramil Həsənovun sədrliyi ilə baxılıb.

Leyla Mustafayevanın bildirdiyinə görə, məhkəmə baxışı zamanı hakim Penitensiar Xidmətin əməkdaşlarının Muxtarlıya münasibətdə davranışlarında cinayət tərkibinin olub-olmamasının araşdırılmasından ötrü işi Suraxanı Rayon Prokurorluğuna göndərib.

Əfqan Muxtarlının həbsdə telefonla danışıq, yaxınları ilə görüşmək hüququna və kitab verilməsinə məhdudiyyət qoyulması iddiası ilə bağlı verilən şikayətə isə dekabrın 28-də baxılıb.

Jurnalistin vəkilləri şikayətin dəlillərini müdafiə edib. Ancaq Suraxanı Rayon Məhkəməsinin hakimi Ceyhun Qədimovun sədrlik etdiyi məhkəmə kollegiyası şikayəti əsassız sayaraq təmin etməyib.

Əfqan Muxtarlı 2017-ci ilin mayında həbs olunub. Jurnalist Tbilisidə oğurlandığını, başına torba keçirildiyini, işğəncəyə məruz qaldığını, Azərbaycana zorla gətirildiyini və sərhəddən keçirilərkən cibinə 10 min avro qoyulduğunu bildirib.

Prokurorluq jurnalisti güc tətbiq etməklə hakimiyyət nümayəndəsinə müqavimət göstərməkdə, sərhədi qanunsuz keçməkdə və qaçaqmalçılıqda ittiham edib.

Əfqan Muxtarlı 2018-ci il yanvarın 12-də Balakən Rayon Məhkəməsinin hökmü ilə 6 il azadlıqdan məhrum edilib.

Əfqan Muxtarlının apellyasiya və kassasiya şikayətləri təmin edilməyib. Jurnalist Azərbaycan məhkəmələrinin qərarından Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət edib.

XS
SM
MD
LG