Accessibility links

Ərdoğan ABŞ-ı Türkiyə iqtisadiyyatına bilərəkdən zərər vurmaqda ittiham edir


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bazar ertəsi günü Birləşmiş Ştatları bilərəkdən ölkə iqtisadiyyatına zərər vurmaqda ittiham edib.

“Biz NATO-da bir yerdəyik və siz strateji tərəfdaşınızını arxadan vurmağa çalışırsınız. Bunu necə qəbul etmək olar?”, Ərdoğan paytaxt Ankarada etdiyi çıxışı zamanı deyib.

Türkiyə lirəsi bu il 40 faiz dəyər itirib. Keçən həftənin cümə günü lirə 16 faiz dəyər itirib, bazar ertəsi isə daha 7 faiz düşərək, bir dollar üçün 6.9 nisbətində olub.

Biz cavabı yeni bazarlar, yeni tərəfdaşlar və yeni müttəfiqlərlə verəcəyik. Bəziləri qapıları bağlayır, bəziləri isə qapıları açır.

Türkiyənin mərkəzi bankı ölkə iqtisadiyyatını sabitləşdirməkdən ötrü “bütün lazımi tədbirlərin” görüləcəyini bildirib. Lakin dünya birjalarında treyderlər bankın uçot dərəcələrini artırmamasını narahatlıqla qarşılaşıb. İqtisadçıların böyük hissəsi bunun böhrandan çıxmaq üçün labüd olduğuna inanır.

ABŞ prezidenti Donald Trampın Türkiyədən gələn metala tarifləri ikiqat artırmasının ardınca türk lirəsi cümə günü rekord itkilərlə üzləşərək dəyərinin 15 faizinə qədərini itirib. ABŞ-Türkiyə arasında münasibətlər Türkiyə rəsmilərinin amerikalı keşiş Endrü Bransonu azad etməməsi ilə əlaqədar olaraq gərginləşib. Branson hazırda Türkiyədə "terrorizm" ittihamları ilə ev dustaqlığında saxlanılır. Tramp administrasiyası Bransonun dustaqlıqda saxlanılmasına cavab olaraq Türkiyənin iki nazirinə sanksiyalar tətbiq edib.

Ərdoğan bildirib ki, Türkiyə “iqtisadi müharibə” ilə qarşılaşıb. O, lirənin dəyər itirməsini “ölkəyə qarşı hücum” adlandırıb.

Lakin buna baxmayaraq, Ərdoğan nikbinliyini saxlayaraq deyib ki, “Türkiyə iqtisadiyyatının dinamikası sağlam və güclüdür və belə olmağa davam edəcək.”

Bazar günü tərəfdarları qarşısında danışan Ərdoğan bildirib ki, “bu əməliyyatın məqsədi Türkiyəni maliyyədən siyasətə qədər bütün sahələrdə təslim olmağa məcbur etməkdir.”

İstanbulda valyuta mübadilə məntəqəsi, 13 avqust 2018.
İstanbulda valyuta mübadilə məntəqəsi, 13 avqust 2018.

“Biz yenə də siyasi, məkrli bir intriqa ilə qarşılaşırıq. Allahın izni ilə biz buna üstün gələcəyik”, Ərdoğan bildiirb.

Türkiyə prezidenti eyni zamanda, Birləşmiş Ştatlar, ya da maliyyə bazarlarına güzəştə getmək istəmədiyini deyib.

“Biz cavabı yeni bazarlar, yeni tərəfdaşlar və yeni müttəfiqlərlə verəcəyik. Bəziləri qapıları bağlayır, bəziləri isə qapıları açır”, o bildirib.

Ərdoğan Türkiyə ilə Vaşinqton arasında münasibətlərin təhlükə altına alındığını deyib.

XS
SM
MD
LG