Accessibility links

İngiltərə kralının qalıqları aşkar olundu


Alimlər Layster şəhərində dayanacaq sahəsinin altında İngiltərə kralı III Riçarda məxsus olduğu ehtimal olunan 500 yaşlı skelet qalıqlarını aşkar ediblər.

Layster Universitetinin tədqiqatçıları mətbuat konfransında bildiriblər ki, keçən oktyabr ayında tapılan və üzərində döyüş yaralarının izləri görünən skeletin 1485-ci ildə Bosvort düzündə döyüşdə həlak olmuş krala aid olduğuna dair bütün şübhələr aradan qalxıb.

Osteologist (sümüklər üzrə mütəxəssis) Co Əplbay deyir ki, sümüklər üzərində araşdırmalar cəmi iki il İngiltərərni idarə edən 32 yaşlı kralın şəxsiyətini müəyyən etmək üçün inandırıcı faktlar ortaya qoyur. Həmçinin skeletin DNK-sı kralın hazırda yaşayan uzaq qohumundan götürülmüş nümunə ilə uyğun gəlir.

Riçard döyüşdə həlak olmuş axırıncı İngiltərə kralıdır. Vilyam Şekspir onu öz əsərlərində amansız diktator kimi təsvir edib. Ancaq bir çox tarixçilər bu təsviri ədalətsiz sayırlar. Belə ki, III Riçard kitab nəşrinə qoyulan qadağaları ləğv edib və İngiltərə məhkəməsinə pullu zəmanət praktikasını təqdim edib.

Tarixi mənbələrə görə kral Laysterdə katolik kilsəsində dəfn olunmuş, ancaq kilsə binası daha sonra dağıldığı üçün ərazi baxımsız qalmışdır.
XS
SM
MD
LG