Birləşmiş Ştatlar müttəfiqləri ilə regionda artan gərginliklə bağlı müzakirələrin ardınca Rusiyanı Ukrayna ilə sərhəddə qoşunlarının sayını artırmasının həqiqi niyyətini gizlətmətkə ittiham edib.
ABŞ rəsmiləri cümə günü Ukrayna ərazisi yaxınlığında yerləşdirilən Rusiya qoşunlarının növü və ya sayı ilə bağlı spesifik məlumatları paylaşmağı rədd edib. Ancaq onlar Moskvanın bu hərəkətlərini təxribatçı adlandırıb və sabitliyi pozduğunu bildirib. Onlar həmçinin Moskvanın bu addımlarının hərbi təlimlərlə əlaqəsi olduğuna dair iddiaları rədd ediblər.
“Biz rusların nə etdikləri ilə bağlı şəffaf olduqlarını düşünmürük,” Pentaqonun mətbuat katibi Con Kirbi cümə günü müxbirlərə bildirib.
“Bu, 2014-cü ildən bəri gördüyümüz və orada yerləşdirilən ən böyük qüvvə sayıdır,” o deyib və qeyd edib ki, daha öncə Rusiya hərbi qüvvələrinin regiona yerləşdirilməsi Moskvanın qonşuları üçün yaxşı nəticələnməyib.
“Bu tarixdir, Rusiyanın bir çox yerdə fəaliyyət göstərmə yoludur və biz bu tarixdən xəbərdarıq,” Kirbi Rusiyanın 2014-cü ildə Ukraynanın Krım regionunu zəbt edərək ilhaq etməsinə istinadən bildirib.
“Bizim bunu çox yaxından izləməyimizin səbəblərindən biri də budur,” o deyib.
Ağ Evin mətbuat katibi Cen Psaki deyib ki, ABŞ məsələni nəzərdən keçirmək və gərginliyi azaltmaq üçün nələrin ediləcəyini müzakirə etmək məqsədilə tərəfdaşları ilə danışıqlar aparır.
“Bizimlə regiondakı bir neçə ölkə arasında diplomatik müzakirələr aparılır,” o deyib.
Psaki diplomatik səylərin təfərrüatını paylaşmağı rədd edib. Eyni zamanda isə Almaniya və Fransa Moskvanın geri çəkilməsi üçün səslərini ucaldan ölkələrə qatılıb.
“Rusiya gərginliyi azaltmalı və qoşunlarının hərəkəti ilə bağlı şəffaf hərəkət etməlidir,” Almaniyanın Xarici İşlər naziri Heiko Maas ABŞ Dövlət katibi Antoni Blinkenlə görüşdən sonra Twitter-də bildirib. “Biz #Aİ və #NATO tərəfdaşlarımızla birlikdə gələcək addımları yaxından izləyəcəyik.”
Fransanın Xarici İşlər naziri Jan-İv Le Drian da Rusiyanı “təxribatlarına son qoymağa” və gərginliyi azaltmaq üçün “ləngimədən” hərəkətə keçməyə çağırıb.
Hələ ki, belə görünür, bu çağırışların heç bir nəticəsi olmayıb. Rusiya cümə günü hərəkətlərini müdafiə edib və israr edib ki, gərginliyin artmasına görə Ukrayna cavabdehdir.
“Biz silahlı qüvvələrimizi Rusiya ərazisində öz ixtiyarımız çərçivəsində hərəkət etdirməkdə azadıq,” Kremlin sözçüsü Dmitri Peskov bildirib.
“Ukrayna yenidən potensial olaraq çox qeyri-sabit bir regiona çevrilir. Sərhədi yaxınlığında qeyri-sabit, partlaya biləcək regionun olduğu hər hansı ölkə təhlükəsizliyini təmin etmək üçün lazımı olan görür,” o əlavə edib.
Bu arada isə Rusiyanın xarici işlər nazirinin müavini ABŞ-ın Ukraynaya dəstək məqsədilə Qara Dənizə iki hərbi gəmi göndərdiyinə dair xəbərlərlə bağlı narahatlığını ifadə edib.
“NATO ölkələrinin ziyarətlərinin sayı və onların hərbi gəmilərinin regionda qalma müddətləri artıb” – deyə, o, Rusiyanın İnterfaks xəbər agentliyinə bildirib.
Türkiyə rəsmiləri cümə günü ABŞ-ın önümüzdəki həftə Qara Dənizə iki gəmi göndərəcəyini və onların orada təxminən ik həftə qalacaqlarını bildirib.
ABŞ-ın müdafiə rəsmiləri Türkiyənin bu bəyanatını təsdiq etməyi rədd edib amma bu cür əməliyyatların müntəzəm qaydada aparıldığını bildirib.