Accessibility links

Kyiv Aİ-ni Rusiyanın "qaz aqressiyasına" müqavimət göstərməyə çağırır


Ukrayna Prezidenti Vladimir Zelenski cümə günü Moskvanı Avropadakı enerji böhranının təşkilində günahlandırıb və Brüsseli Rusiyanın "qaz aqressiyasına" qarşı Kyivlə birgə hərəkət etməyə çağırıb.

Pandemiya ilə əlaqədar məhdudiyyətlər bitdikdən sonra Aİ iqtisadiyyatı normala döndükcə qazın qiymətləri rekord həddə yüksəlib və Avropada enerji böhranı başlayıb. Eyni zamanda, külək enerjisi kimi bərpa olunan enerji mənbələrinin tədarükü yavaşlayıb.

Avropa dövlətləri qiymət artımında Rusiyanı günahlandırır və Moskvanın Avropanı daha uzunmüddətli müqavilələr bağlamağa məcbur etmək və "Şimal axını 2" qaz kəmərinin istifadəyə verilməsini tez bir zamanda təsdiqləmək üçün qaz tədarükünü artırmadığını deyir.

"Biz süni böhranın şahidi oluruq. Bu böhranın təşkilatçılarının açıq məqsədi Avropanı öz dəyərlərindən imtina etməyə vadar etməkdir” - deyə, Ukrayna prezidenti Zelenski AFP-ə müsahibəsində bildirib.

"Bu, Avropa Birliyinə qarşı əsl qaz təcavüzüdür" deyən Zelenski, Moskvanın "şantajına" qarşı Avropa hökumətlərinin yalnız "əlaqələndirilmiş" cavabının qaz qiymətlərinin aşağı düşməsinə səbəb olacağını əlavə edib.

Ukrayna lideri "Avropada misli görünməmiş birgə səylərə ehtiyac olduğunu" dilə gətirib və Brüsseli böhranı həll etmək üçün Kyivlə işləməyə çağırıb.

"Ukraynanın avropalı tərəfdaşlarına təklif edəcək şeyləri var. Ukraynadan qaz nəql etmək üçün mövcud güclər nəinki vəziyyəti normallaşdırmaq, həm də Avropanı qarşıdakı illərdə bu cür qiymət şoklarından qorumaq üçün kifayətdir" – deyə, o qeyd edib.

Rusiya əvvəlki mübahisələrdə Ukraynaya qaz tədarükünü kəsmişdi və Zelenski bu ilin əvvəlində Avropanı Moskvadan asılı edən "Şimal axını 2" boru kəmərini "təhlükəli geosiyasi silah" adlandırmışdı.

Onun sözlərinə görə, Rusiya "qaz təchizatını kəsməklə və Ukraynanın milli maraqlarına zərər verə biləcək güzəştlər tələb etməklə dəfələrlə Ukraynanı" dondurmağa "çalışıb".

XS
SM
MD
LG