Accessibility links

Türkiyə taxılla yüklənmiş daha iki gəminin Ukrayna limanını tərk etdiyini bildirir


Türkiyə Müdafiə Nazirliyinin bildirdiyinə görə, avqustun 13-də tonlarla taxıl daşıyan daha iki gəmi Ukraynanın Qara dənizdəki limanından çıxıb.

Nazirlik Barbados bayrağı altında üzən “Fulmar S” gəmisinin 12 min ton qarğıdalı ilə Ukraynanın Çornomorsk limanından Türkiyənin cənubundakı İsgəndərun vilayətinə yola düşdüyünü bildirib.

Marşall adaları bayrağı altında üzən “Thoe” gəmisinin isə 3 min ton günəbaxan toxumu ilə eyni limandan yola düşdüyü və Türkiyənin Tekirdağ şəhərinə yollandığı bildirilir.

Ukrayna İnfrastruktur Nazirliyindən verilən məlumata görə, iki gəminin yola düşməsi ilə gəmilərin təhlükəsiz keçidini təmin etmək üçün BMT-nin vasitəçiliyi ilə əldə olunmuş razılaşmanın qüvvəyə minməsindən sonra iki həftə ərzində ölkəni tərk edən taxılla yüklənmiş gəmilərin sayı 16-ya çatıb.

Prezident Volodimir Zelenski Ukraynanın iki həftədən az müddətdə üç limandan bütün iyul ayı üçün avtomobil yolu ilə edildiyi qədər taxıl ixrac edə bildiyini deyib.

“Bu, artıq ərzaq böhranının ciddiliyini azaltmağa imkan verib,” o, avqustun 13-də gecə video müraciətində bildirib.

BMT-nin vasitəçiliyi ilə razılaşmanın əldə edilməsindən əvvəl Ukrayna limanlarının blokadasına görə ölkədə on milyonlarla ton taxılın qalıb çıxarılmaması şiddətli ərzaq qıtlığı və dünyanın bəzi yerlərində hətta qıtlıq nəticəsində aclıq yarana biləcəyi ilə bağlı qorxuların artmasına səbəb olmuşdu.

XS
SM
MD
LG