Accessibility links

Bayden Britaniya, Almaniya və Fransa liderləri ilə Zaporijye stansiyasında durumu müzakirə edib


ABŞ prezidenti Co Bayden Fransa prezidenti Emmanuel Makron, Almaniya kansleri Olaf Şolz və Britaniyanın baş naziri Boris Consonla telefon söhbəti zamanı Ukraynanın Zaporijye atom elektrik stansiyasında durumu müzakirə edib. Bu barədə Ağ Evin açıqladığı bəyanatda bildirilir.

Bəyanatda deyilir ki, üç ölkənin liderləri Ukraynanın Rusiyanın təcavüzündən özünü müdafiə səylərinə sarsılmaz dəstəklərini bir daha təsdiq ediblər.

Onların həmçinin Zaporijye Atom Elektrik Stansiyasında vəziyyəti, o cümlədən stansiyanın yaxınlığında hərbi əməliyyatların qarşısının alınmasının vacibliyi və təhlükəsizlik sistemlərinin statusunun müəyyən edilməsi üçün Beynəlxalq Atom Enerjisi Agentliyinin tez bir zamanda regiona səfərinin vacibliyini müzakirə etdiyi bildirilib.

Bəyanatda bundan əlavə, telefon söhbət zamanı İranın nüvə proqramı üzrə davam edən danışıqlar, Yaxın Şərq regionunda tərəfdaşlara dəstəyin gücləndirilməsinin zəruriliyi və Tehranın sabitliyi pozan fəaliyyətlərinin məhdudlaşdırılması üçün birgə səylərin müzakirə edildiyi qeyd edilib.

Zaporijya stansiyasının ətrafındakı ərazilərin bir neçə həftədir atəşə məruz qalması nüvə fəlakəti ilə bağlı qorxuların artmasına gətirib çıxarıb.

Ukrayna BMT və digər beynəlxalq təşkilatlardan zavodun ukraynalı mütəxəssislər tərəfindən idarə olunmasına baxmayaraq, Rusiyanı mart ayından işğal altında saxladığı Zaporijye stansiyasından çıxmağa məcbur etməsini istəyib.

XS
SM
MD
LG