ABŞ-ın Dell Technologies kompüter şirkəti avqustun ortalarında ofislərini bağladıqdan sonra şənbə günü Rusiyada bütün fəaliyyətini dayandıracağını bildirib. Kompüter serverləri istehsal edən Dell Technologies şirkəti bununla fevralın 24-də Rusiya qüvvələrinin Ukraynaya hərbi hücumundan sonra Rusiyada əməliyyatlarını dayandıran digər şirkətlərə qoşulub.
Dell növbəti addımları müəyyən etmək üçün vəziyyəti izləyəcəyini bildirərək, fevral ayında Ukrayna və Rusiyada satışları dayandırıb.
“Avqustun ortalarında biz ofislərimizi bağladıq və Rusiyada bütün əməliyyatları dayandırdıq,” Dell şirkətinin sözçüsü Mayk Simienas Reuters agentliyinə bildirib.
“Hələ fevral ayında biz Rusiyada, Belarusda, Ukraynanın Donetsk və Luqansk vilayətlərində, eləcə də artıq embarqo altında olan Krımda məhsul satmamaq, xidmət göstərməmək və ya istehsalı dəstəkləməmək qərarı vermişik,” o qeyd edib.
Rusiyanın Sənaye və Ticarət Nazirliyi cümə günü bildirib ki, mətbuatda şirkətin ölkədən tamamilə çıxması ilə bağlı xəbərlərdən sonra Rusiyada Dell şirkətində çalışan bir çox tədqiqatçı və mühəndisə artıq yeni iş təklif edilib.
“Biz vəziyyətin inkişafını izləyirik,” dövlətə məxsus TASS xəbər agentliyi Sənaye və ticarət nazirinin müavini Vasili Şpaka istinadən cümə günü məlumat verib.
“Bizim məlumatlara görə, Sankt-Peterburq və Moskvada Dell şirkətinin mütəxəssisləri və mühəndislərinin böyük əksəriyyəti artıq Rusiya istehsalçılarından rəqabət qabiliyyətli maaşla iş təkliflər alıblar,” o əlavə edib.
Əksəriyyəti Qərbə məxsus olan yüzlərlə şirkət Ukraynada səbəbsiz müharibəyə görə Moskvaya qarşı Qərb tərəfindən sərt sanksiyaların tətbiq edilməsindən sonra Rusiyada fəaliyyətlərini dayandırdıqlarını bildiriblər.