Accessibility links

Ukrayna Rusiyanın atom elektrik stansiyası yaxınlığında yeni zərbələr endirdiyini bildirir


PBC Planet Labs tərəfindən çəkilmiş fotolarda Ukraynanın cənub-şərqində Zaporijya atom elektrik stansiyasında yanğınlar nəticəsində yüksələn tüstü göstərilir, 24 avqust, 2022.

Rusiya bazar günü səhər saatlarında Ukraynanın Zaporijya atom elektrik stansiyası yaxınlığında yeni raket və artilleriya hücumları keçirib. Ukrayna rəsmiləri stansiyanın özünün vurula biləcəyi və radiasiya sızmasına səbəb ola biləcəyi ilə bağlı davam edən qorxular fonunda obyektə xeyli zərər vurulduğunu bildiriblər.

Dnepropetrovsk vilayətinin qubernatoru Valentin Rezniçenko bildirib ki, gecə saatlarında güclü atəşə məruz qalması nəticəsində atom elektrik stansiyasından təxminən 10 kilometr aralıda yerləşən Nikopol şəhərinin bir hissəsi işıqsız qalıb. Raket zərbələri nəticəsində yaxınlıqda yerləşən Marqanets şəhərində də onlarla evə zərər vurulub.

Nüvə obyektindən təxminən 40 kilometr aralıda yerləşən Zaporijya şəhəri də hücuma məruz qalıb. Şəhər Şurasının üzvü Anatoli Kurtev iki nəfərin yaralandığını bildirib.

Hücumlara baxmayaraq, Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Mariano Qrossi bildirib ki, Ukrayna “bütün təhlükəsizlik sistemlərinin işlək vəziyyətdə qaldığını və radiasiya səviyyəsində artım olmadığını” bildirib.

Qrossinin sözlərinə görə, Ukrayna bütün radioaktivlik ölçülərinin normal həddə olduğunu və hidrogen sızması əlamətinin olmadığını bildirib. Rəsmilər stansiyanın nüvə reaktorunun soyutma sistemləri ilə əlaqədar xüsusilə narahatlıq keçirir. Soyutma sisteminin nasazlığı reaktorun nüvə yanacağının həddindən artıq istiləşmə nəticəsində zədələnməsinə səbəb ola bilər.

Zaporijya stansiyasının yaxınlığında yaşayan sakinlərə radiasiyaya məruz qaldıqları halda istifadə etmək üçün yod həbləri verilib.

Qrossinin bildirdiyinə görə, zavodun yaxınlığında atəşin davam etdirilməsi risk olaraq qalır. Rusiya və Ukrayna bir-birini obyektin yaxınlığında atəş açmaqda ittiham edir. Zavod altı aydır davam edən hərbi müdaxilənin əvvəlindən Rusiyanın nəzarəti altındadır, lakin ukraynalı mühəndislər tərəfindən idarə olunur.

Qrossi deyib ki, o, stansiyanın yaxınlığında həftələrdir davam edən atəş nəticəsində hər hansı bir zərərin dəyib-dəymədiyi və onun bütün sistemlərinin işlək olub-olmadığını qiymətləndirmək üçün yaxın günlərdə Beynəlxalq nüvə enerjisi agentliyinin ekspertlərinin obyektə daxil olmasına icazə vermək üçün Ukrayna və Rusiya ilə danışıqları davam etdirir.

Ukraynanın energetika nazirinin müşaviri Lana Zerkal bildirib ki, BMT-nin agentliyi olan beynəlxalq nüvə agentiyinin bu həftə səfəri gözlənilir.

Moskva nüvə agentiyinin işini dəstəklədiyini bildirib, lakin demilitarizasiya zonası yaratmaq üçün öz əsgərlərini kompleksdən çıxarmaqdan imtina etdiyini bildirib.

XS
SM
MD
LG