Accessibility links

ABŞ səfiri Sallivan Rusiyada diplomatik fəaliyyətini başa vurub və Moskvanı tərk edib


ABŞ-ın Rusiyadakı səfirliyinin bazar günü bildirdiyinə görə, səfir Con Sallivan Amerikanın Rusiyadakı diplomatik missiyasının rəhbəri kimi fəaliyyətini başa vurub və Moskvanı tərk edib.

Sallivan bundan öncə Moskvada keçən həftə vəfat etmiş sonuncu sovet lideri Mixail Qorbaçovla vida mərasimində Birləşmiş Ştatları təmsil edib.

Sallivan 2019-cu ilin dekabrında keçmiş prezident Donald Trampın dövründə ABŞ-ın Rusiya Federasiyasında səfir təyin edilib və bu vəzifədə üç ilə yaxın işləyib. 2021-ci ilin yanvar ayında inaqurasiya mərasimindənsonra yeni prezident Co Bayden Sallivandan vəzifəsində qalmasını istəyib.

Keçən ilin aprel ayında ABŞ və Rusiya arasında münasibətlərin kəskinləşməsindən sonra o, bir müddət (Rusiya səfiri bundan öncə Vaşinqtonda məsləhətləşmələr üçün geri çağırılmışdı) Moskvanı tərk edib, lakin iyun ayında iki ölkənin prezidentlərinin Cenevrədə görüşündən sonra Moskvaya qayıtmışdı.

ABŞ səfirliyinin əməkdaşlarının sayı 2017-ci ildə 1200 nəfərdən təxminən 130 nəfərə endirilib, onların yarısı dəniz piyadaları və təhlükəsizlik işçiləridir.

Fevral ayında Moskva Con Sallivanın müavininin ölkədən çıxarılması haqda göstəriş verib. Rusiya hökuməti keçən ilin may ayında ABŞ-ı “dost olmayan ölkələr” siyahısına salıb və Amerika diplomatik missiyasına Rusiya vətəndaşlarını işə götürməyi qadağan edib.

Con Sallivan Rusiyada səfir postunu tərk etməklə dövlət katibinin müavini, ədliyyə, müdafiə və ticarət nazirliklərində yüksək vəzifələr də daxil olmaqla, ABŞ-ın beş prezidenti hakimiyyəti dövründə dövlət orqanlarında qırx illik karyerasını başa vurur.

ABŞ səfiriyinin məlumatında bildirildiyinə görə, səfir Sallivanın yerinə yeni səfir gələnə qədər Elizabet Rud ABŞ-ın Moskvadakı səfirliyində müvəqqəti işlər vəkili kimi fəaliyyət göstərəcək.

XS
SM
MD
LG