Accessibility links

Braziliyalı futbol əfsanəsi Pele 82 yaşında vəfat etdi


Braziliyalı futbol əfsanəsi, yeniyetmə yaşında qolları ilə dünyaya səs-küy salmış və yığmasının üçqat dünya çempionu olmasında böyük rol oynamış Pele dekabrın 29-u 82 yaşında vəfat etdi.

Xərçəngdən əziyyət çəkən Pele noyabrın son günlərində xəstəxanaya yerləşdirilmişdi. O, sentyabr ayında yoğun bağırsağında şişin götürülüməsi əməliyyatından keçmişdi.

Əksəriyyət tərəfindən tarixin ən yaxşı futbolçusu hesab edilən Pele Braziliya yığması və "Santos" klubunda çıxışı ilə diqqəti cəlb edib.

Edson Arantis du Nasimentu (Pele) 1940-cı ildə Braziliyanın Tres-Korasoyns şəhərində dünyaya gəlib və 15 yaşında "Santos" klubunda çıxış etməyə başlayıb.

16 yaşında artıq Braziliya yığmasının üzvü olmuş Pele, 1958-ci ildə, 17 yaşında olarkən Dünya Kubokunda debüt etmiş və ilk matçında qol vuraraq, özünü dünyaya təqdim etmişdi. İkinci matçında üç vurduqdan sonra, Pele ilk iki matçında Dünya Kuboku tarixində indiyədək qırılmayan iki rekorda imza atıb. Pele Dünya Kubokunda qol vuran ən gənc oyunçu və bir matçda üç qol vuran ən gənc oyunçu adını hələ də saxlamaqdadır.

Həmin Dünya Kubokunun final matçında Pelenin daha iki qolu Braziliyaya ilk dünya çempionluğunu gətirdi. Braziliya Pele ilə bərabər eyni uğuru daha iki dəfə - 1962 və 1970-ci illərdə təkrar etdi.

Pele Braziliya yığmasında 92 matç keçirirərək, 77 qola imza atıb. O, Dieqo Maradona ilə bərabər FIFA tərəfindən 20-ci əsrin ən yaxşı futbolçusu adına layiq görülüb.

Braziliya yığmasında iştirakı dayandırdıqdan sonra Pele 1975-ci ildə Şimali Amerika Futbol Liqasından iştirak edən "Nyu York Kosmos" klubuna qoşuldu və bu klubun heyətində daha üç mövsüm futbolçu karyerasına davam etdi.

Futboldan sonrakı həyatında Pele Braziliyanın idman naziri və UNESCO-nun idman səfiri olub.

XS
SM
MD
LG