Accessibility links

Əsir düşən Vaqner döyüşçüləri itkilər və qətllər barədə danışıblar


Arxiv fotosu - Sankt-Peterburqda Vaqner Mərkəzinin ofis binası, 4 noyabr 2022.
Arxiv fotosu - Sankt-Peterburqda Vaqner Mərkəzinin ofis binası, 4 noyabr 2022.

Ukraynada əsir götürülmüş və Vaqner qrupunun keçmiş iki rusiyalı əsgəri Ukraynanın şərqində müharibənin dəhşətləri haqda xatirələrini bölüşüblər. ABŞ-ın CNN tele kanalına müsahibədə onlar Rusiya ordusunda böyük itkilər, Ukraynanın şərqində döyüş meydanında yaşadıqları dəhşətli təcrübələr və tərəddüd edən hər kəsin öz komandirləri tərəfindən güllələnməsi barədə danışıblar.

“Biz əmr olmadan geri çəkilə bilməzdik, çünki əmrə əməl etməsək, öldürülərdik” – deyə, keçmiş məhbus olduqlarını iddia edən iki döyüşçüdən biri deyib.

“Bir nəfər mövqedə qaldı, o həqiqətən qorxurdu, bu onun ilk döyüş əməliyyatı idi. Biz irəli getmək əmri aldıq. Lakin həmin adam ağacın altında gizləndi və bunu etməkdən imtina etdi. Bu barədə komandanlığa məlumat verildi. Onu bazadan 50 metr kənara apardılar. Öz məzarını qazdırdılar, sonra da güllələdilər”, o deyib.

Təhlükəsizlik səbəbi ilə bağlı adları açıqlanmayan muzdlu döyüşçülər Vaqner Qrupunun döyüşçüləri arasında olduqca böyük itkilərdən danışıblar.

“Biz 90 nəfər idik. Bu ilk hücumda minaatanlardan atəş nəticəsində 60 nəfər həlak oldu. Bir neçə nəfər yaralandı”, onlardan biri Beloqorovka yaxınlığında ilk hücumu xatırlayaraq deyib. “Bir qrup uğursuz olarsa, dərhal digəri göndərilir. İkincisi uğursuz olarsa, başqa qrup göndərirlər”, o əlavə edib.

Keçmiş iki döyüşçü keçən ilin sonunda Ukrayna qüvvələri tərəfindən ələ keçirildiklərini rahatlıq hissi ilə qarşıladıqlarını bildiriblər.

Onların hər ikisi həbsxanada olduqları müddətdə qrupa muzdlu döyüşçü olaraq cəlb ediliblər. Onlardan biri adam öldürməyə görə 20 il həbs cəzası çəkirdi. Digəri isə bildirib ki, uzunmüddətli həbs cəzaları çəkən məhbusların əksəriyyəti azadlıq müqabilində Ukraynanın şərqində döyüşmək üçün altı aylıq müqaviləni cəlbedici hesab edirlər.

Lakin onlar əlavə ediblər ki, Priqojinin özü də daxil olmaqla, muzdlu döyüşçüləri cəlb edənlər onların ikinci müdafiə xəttində döyüşəcəklərini deyərək onları aldadıblar.

“O, təhlükə haqqında heç nə qeyd etmədi” – deyə onlardan biri bildirib. “O, bütün məhkumluqların götürülməsindən, bizim altı ay müddətində xidmət göstərəcəyimiz, bütün məhkumluqların silinəcəyi, 240,000 rubl (təxminən 3,300 ABŞ dolları) avans ödəniş və həmçinin bizim vəzifəmizin müdafiəni ikinci sırada tutmaqdan ibarət olduğundan danışdı”, o əlavə edib.

Onların hər ikisi də münaqişənin mahiyyəti ilə bağlı aldanıldıqlarını bildiriblər.

“Biz düşünürdük ki, polyaklar və müxtəlif muzdlularla, almanlarla döyüşəcəyik. Düşünmürdük ki, Ukrayna ordusunda kimsə qalıb. Onların ölkəni tərk etdiklərini düşünürdük” - deyə, onlardan biri bildirib.

“Beləliklə, aydın oldu ki, onlar bizi ukraynalılarla döyüşə məcbur etmək üçün sadəcə yalanlar uydururdular. Heç kim düşünmürdü ki, Ukrayna Silahlı Qüvvələri həqiqətən də öz ölkələri, sevdikləri üçün döyüşəcəklər. Biz bunu ancaq ora gələndən sonra bildik”, o əlavə edib.

Priqojin və ya Vaqner Qrupunun digər nümayəndələri hələlik müsahibə ilə bağlı şərh verməyiblər.

Vaqner Özəl Hərbi Şirkəti Rusiya Müdafiə Nazirliyinə və ya Rusiyanın digər dövlət strukturlarına aid olmayan qeyri-rəsmi silahlı birləşmədir. Vaqner qrupunun döyüşçüləri Suriyada, Afrikada və Ukrayna ilə müharibədə quru əməliyyatlarında iştirak edir. Muzdlular çoxsaylı hərbi cinayətlər törətməkdə şübhəli bilinirlər.

XS
SM
MD
LG