Accessibility links

Bayden yenidən seçilmək üçün namizədliyini açıqladı


Bayden yenidən seçilmək üçün namizədliyini açıqladı
please wait

No media source currently available

0:00 0:02:42 0:00

Bayden yenidən seçilmək üçün namizədliyini açıqladı

Prezident Co Bayden həftələrdir yenidən seçilmək üçün namizəd olacağına işarə etdikdən sonra çərşənbə axşamı günü 2024-cü il prezidentlik yarışlarında namizədliyini rəsmən elan etdi. Ağ Evin açıqladığı üç dəqiqəlik videoda Bayden seçicilərdən vəzifəyə gəldikdən sonra başladığı “işi bitirə bilməsi” üçün ona daha çox vaxt vermələrini istədi. Prezident Baydenin ehtimal olunan rəqibi, keçmiş prezident Donald Trampla yeni ciddi seçki mübarizəsi qarşısında ola biləcəyi proqnozlaşdırılır.

“Dörd il əvvəl prezidentliyə namizədliyimi irəli sürəndə mən demişdim ki, biz Amerikanın ruhu uğrunda mübarizə aparırıq və biz hələ də mübarizə aparırıq. Qarşımızda duran sual önümüzdəki illərdə daha çox və ya daha az azadlıq, daha çox və ya daha az hüquqa malik olacağımızla bağlıdır. Mən cavabın nə olmasını istədiyimi bilirəm və məncə, siz də bilirsiniz. Bu, arxayınlaşmaq vaxtı deyil. Ona görə də mən yenidən namizədliyimi irəli sürürəm,” prezident Co Bayden seçki reklamında bildirib.

Prezident Baydenin çərşənbə axşamı səhər saatlarında bu açıqlamalarının yayımlanması ilə 2024-cü il prezidentlik kampaniyası başlamış olur. Onun çox güman ki, keçən il namizədliyini açıqlayan və 2020-ci il seçkilərində Baydenin deyil, özünün qalib gəldiyini iddia etməyə davam edən keçmiş prezident Donald Trampla yenidən qarşılaşacağı gözlənilir.

Sorğularda ən populyar Respublikaçı namizəd olduğu göstərilən Tramp Nyu Yorkda susmaq müqabilində porno ulduza pul ödədiyi ilə əlaqədar ittiham olunduqdan sonra hüquqi baxımdan təhlükə ilə üzləşir.

Corciya ştatının prokurorları isə 2020-ci ildə ştatda səslərin hesablanması ilə bağlı hərəkətlərinə görə ona qarşı ittiham irəli sürməyi nəzərdən keçirir. Tramp hüquqi problemlərini kampaniyasının bir hissəsinə çevirib.

ABŞ-ın keçmiş prezidenti Donald Tramp: “Bu rəqəmlər [sorğu nəticələri] solçu marksistlərin bizi təqib etmələrinin əsas səbəblərindən biridir. Onlar seçkilərə kütləvi müdaxilə üçün cinayət məcəlləsindən istifadə edirlər. Onların etdikləri budur.”

Seçki gününə 18 aydan çox vaxt qaldığı bir zaman amerikalıların üçdə birindən çoxu Bayden və Tramp arasında yenidən yarışma ideyasından artıq “yorğunluq” hiss etdiklərini bildirdilər.

Amerikalıların 29 faizi revanş ideyasının “qorxu” hissi yaratdığını söyləyir.

Bayden yenidən seçilmək üçün seçki elanını 2021-ci ildə yanvarın 6-da Kapitoli binası qarşısında toplaşan zorakı kütlənin görüntüləri ilə açıb. Seçki reklamında onun Trampın “Amerikanı yenidən möhtəşəm etmək” şüarına istinad edərək, “MAGA ekstremistləri” kimi təsvir etdiyi üç seçkili rəsmi nümayəndə göstərilir.

Sorğular amerikalıların əksəriyyətinin Kapitolidə iğtişaşlara qarşı olduğunu göstərir. Lakin təhlilçilərin bildirdiyinə görə, Bayden hələ də ağır siyasi mübarizə ilə qarşılaşa bilər.

Vanderbilt Universitetinin təhlilçisi Tomas Şvarts: “O, bölücü bir fiqur olaraq qalır. Əfqanıstanı tərk etdikdən sonra onun populyarlığı 50 faizdən aşağı olub və o, ümumiyyətlə, o qədər də populyar prezident olmayıb. Biz dərin fikir ayrılıqları dövründə yaşayırıq”.

Seçki reklamında həmçinin Ali Məhkəmənin ştatlarda abortlara çıxış imkanını rədd edən keçənilki qərarından sonra ölkədə abortla bağlı müzakirələrdən də bəhs edilir.

Baydenin seçki kampaniyasında tərəfdaşı, vitse-prezident Kamala Harris administrasiyanın aborta çıxış imkanlarına verdiyi dəstəyi nümayiş etdirmək üçün göstərilir.

Seçki reklamında Baydenin yaşı qeyd edilmir, lakin o, 80 yaşında bir çoxlarının dünyanın ən stresli işi hesab etdiyi işi görmək üçün çox yaşlı olduğu ilə bağlı tənqidlərlə üzləşir.

Yekun qərarı 2024-cü ilin noyabrında keçiriləcək seçkilərdə amerikalı seçicilər verəcək.

XS
SM
MD
LG