Amerika Klinik Onkologiya Cəmiyyətinin (ASCO) çərşənbə axşamı Çikaqoda yekunlaşan illik toplantısında bir sıra xərçəng növləri ilə mübarizədə yeni nailiyyətlər təqdim olunub.
Ekspertləri ən çox həyəcanlandıran məqamlardan bəziləri.
Ağ ciyər xərçəngi
Çikaqoda səs-küyə səbəb olan bir sınaq nəticəsi bütün xərçənglər arasında ən ölümcülü olan ağ ciyər xərçənginə qarşı ümidləri artırıb. Osimertinib ilə müalicə şişi çıxarmaq üçün əməliyyatdan sonra gündəlik qəbul edildikdə ağ ciyər xərçənginin müəyyən bir növündən ölüm riskini iki dəfə azaltdığı məlum olub.
AstraZeneca əczaçılıq qrupu tərəfindən hazırlanmış dərman bu günə qədər ən çox yayılmış növ, həmçinin onların epidermal böyümə faktoru reseptorunda (EGFR mutasiyası) kiçik hüceyrəli xərçəngdən əziyyət çəkən xəstələr üçün nəzərdə tutulub.
Fransa Xərçəng Liqasının araşdırma rəhbəri İris Pauport AFP-yə bildirib ki, irəliləyişi yavaş olan bu xərçəng növü üçün "böyük bir ümid işığıdır".
Unicancer-in tədqiqat rəhbəri Muriel Dahan nəticələr təsdiqlənərsə, bu ağ ciyər xərçənginin bu növü üçün ənənəvi müalicəni "dəyişdirməlidir" deyib. O əlavə edib ki, EGFR mutasiyası üçün sistematik testlər ağ ciyər xərçəngi olan xəstələr üçün də vacib olacaq.
Beyin xərçəngi
Klinik sınaqlarda vorasidenib adlı başqa bir müalicənin beyin şişi glioması olan xəstələrdə irəliləmədən sağ qalma ehtimalını əhəmiyyətli dərəcədə uzatdığı aşkar edilib.
Fransa əczaçılıq firması Servier tərəfindən hazırlanan gündəlik həb bəzi xüsusilə çətin müalicə olunan beyin xərçənginin inkişafından məsul olan fermenti bloklamaq məqsədi daşıyır.
Servier-in xərçəng araşdırmaları üzrə vitse-prezidenti Patrik Teras AFP-yə deyib ki, "son 20 ildə beyin şişlərinin müalicəsi üçün çox az terapevtik irəliləyiş olub".
Gustave Roussy Fransa Xərçəng Mərkəzinin tədqiqat rəhbəri Fabrik Andre, "dəqiq tibb indiyə qədər heç bir şey olmadığı bir xəstəliyə qapı açır. Bu o deməkdir ki, elm fəlakətli vəziyyətləri aşa bilər" deyib.
Döş xərçəngi
Çikaqoda da açıqlanan ilkin sınaq nəticələri ribociclib dərmanının erkən mərhələdə sağ qalan böyük bir qrup üçün döş xərçənginin təkrarlanma riskini 25 faiz azaltdığını göstərib.
İsveçrənin əczaçılıq istehsalçısı Novartis tərəfindən hazırlanan dərman artıq bütün dünyada geniş şəkildə təsdiqlənib. O, hormonal terapiya ilə birlikdə sınaqdan keçirilib.
Uşaqlıq boynu xərçəngi
Erkən mərhələdə uşaqlıq boynu xərçəngi olan xəstələr üçün də yaxşı xəbər var.
Üçüncü faza sınaqlarına əsasən, uşaqlıq və uşaqlıq boynunun çıxarıldığı sadə histerektomiyadan keçən xəstələrdə xərçəngin geri qayıtma riski vaginanın ən yuxarı hissəsinin də çıxarıldığı radikal histerektomiyadan daha böyük olmayıb.
Yumurtalıq xərçəngi
ASCO-da təqdim edilən bir araşdırma, həmçinin antikor müalicəsi üçün mirvetuksimab soravtansinin qəbulunun xərçəngin xüsusilə ölümcül forması olan yumurtalıq xərçəngi xəstələrinin sağ qalmasını əhəmiyyətli dərəcədə yaxşılaşdırdığını müəyyən edib.
ASCO-nun eksperti Merri Cennifer Markham bildirib ki, müalicədə “proqress əldə edilib və bu, xəstələrə ümid verir”.
Rektum xərçəngi
Çikaqoda açıqlanan bir araşdırmanın nəticələri göstərib ki, lokal olaraq inkişaf etmiş rektum xərçəngi olan xəstələr əməliyyatdan əvvəl radiasiya olmadan kimyaterapiya ala bilərlər. Bu, xəstələri radiasiyanın ağır yan təsirlərindən xilas edə bilər.
Peyvənd
Mövcud xərçəngi müalicə edən peyvəndlər uzun müddət tibb ictimaiyyətinin məqsədi olub. ASCO-nun toplantısında elan edilən ilkin tədqiqatlara ağ ciyər xərçəngi, baş və boyun xərçəngi, qlioblastoma beyin şişləri və xərçəng yaradan HPV virusuna qarşı peyvəndlər daxildir.