Türkiyə vətəndaş müharibəsindən qaçan 3 milyondan çox suriyalı da daxil olmaqla, dünyanın digər ölkələri ilə müqayisədə daha çox qaçqına ev sahibliyi edir. Türkiyənin yeni seçilmiş prezidenti Rəcəb Tayyib Ərdoğan suriyalılar başda olmaqla, milyonlarla qaçqını Türkiyəyə qəbul etmək və artan ictimai etirazlara baxmayaraq, onların qalmasına icazə vermək kimi qaçqın siyasəti yürüdür.
Türkiyəyə sığınan bir çox suriyalı qaçqın evlərində çox şey itirib. Yalnız adı ilə tanınmaq istəyən 18 yaşlı Semir vətəndaş müharibəsində valideynlərini, 4 qardaşını və ayaqlarını itirib. Amma o, yenidən yerimək ümidi ilə yaşayır.
"Hər şeydə mənə çox kömək etdilər, şükürlər olsun. Hər şey yaxşıdır, şükürlər olsun. Protezlərlə bir az məşq edirik, inkişafla yeni protezə keçirəcəklər. Addım-addım yeriməyə başlayacam."
İstanbul ortopedik protez mərkəzi Türkiyənin Humanitar Yardım Fondu, eləcə də Beynəlxalq Həkimlər Dərnəyi tərəfindən yaradılıb. Burada doktor Yaşar Tatarın nəzarəti altında ən müasir texnologiyadan istifadə edilir.
"Xüsusilə Suriyada əl-ayaq itkisi ilə nəticələnən amputasiyaların sayı çoxdur. Barel bombalarının törətdiyi yanıqlar da bizim üçün böyük çətinliklər yaradır. Biz 2045-ə yaxın amputasiya həyata keçirmişik və təxminən 4000 protez düzəltmişik. Bu çox böyük rəqəmdir. Dünyada çox az mərkəz bu qədər qısa müddətdə bu qədər protez düzəldə bilər".
Fevral ayında Türkiyə və Suriyada baş verən ölümcül zəlzələlər mərkəzin işini daha da artırıb. Belə ki, fəlakət nəticəsində bir çox insan əl-ayağını itirib. Türkiyə çox sayda iraqlı və əfqanla birlikdə 3 milyondan çox suriyalı qaçqına ev sahibliyi edir.
Anti-qaçqın əhval-ruhiyyəsi artır və bu, tez-tez qraffitilərdə əks olunur.
"Çoxlu sayda qaçqının gəlişindən sosial problemlər yarana bilər. Buna Türkiyənin son dövrlərdə yaşanan iqtisadi problemlər də əlavə olunur. Bunun üzərinə seçkilər zamanı bəzi siyasətçilərin qaçqınlar məsələsini gündəmə gətirdi" - deyə, Humanitar Yardım Fondundan Mustafa Özbək bildirib.
May ayında keçirilən prezident seçkiləri zamanı Rəcəb Tayyib Ərdoğanın rəqibləri milyonlarla suriyalı qaçqını geri qaytaracaqlarına söz vermişdi.
Analitiklər deyir ki, Ərdoğanın qələbəsi təkcə qaçqınlara deyil, həm də qaçqınlara ev sahibliyi etmək üçün Türkiyəyə pul ödəyən Avropa İttifaqına rahatlıq gətirir.
"Ərdoğan yenidən seçiləndə avropalılar yəqin ki, rahatladılar, çünki bu, bilirsiniz ki, Aİ liderləri üçün çox önəmli olan qaçqınlarla bağlı razılaşmanın toxunulmaz və işlək qalacağı deməkdir" , siyasi şərhçi Serhat Güvenç deyib.
Lakin Türkiyə ictimaiyyətinin qaçqınlarla bağlı narahatlığını nəzərə alan Ərdoğan indi bir milyon suriyalının geri qayıtmasını asanlaşdırmaq üçün Dəməşqin nəzarətindən kənarda Suriya ərazilərində evlərin tikintisini sürətləndirəcəyini vəd edir. Neçə nəfərin bu təklifi qəbul edəcəyi isə hələ məlum deyil.