Accessibility links

Hindistan baş nazirinin ABŞ-a səfəri: İki ölkə arasında tərəfdaşlıq və insan hüquqları məsələləri diqqət mərkəzində


President Joe Biden, right, and India's Prime Minister Narendra Modi walk along the Colonnade to the Oval Office after a State Arrival Ceremony on the South Lawn of the White House, June 22, 2023, in Washington.
President Joe Biden, right, and India's Prime Minister Narendra Modi walk along the Colonnade to the Oval Office after a State Arrival Ceremony on the South Lawn of the White House, June 22, 2023, in Washington.

ABŞ prezidenti Co Bayden və Hindistanın baş naziri Narendra Modi cümə axşamı Ağ Evdə danışıqlarda ölkələri arasında tərəfdaşlığın əhəmiyyətini vurğulayıblar.

Prezident Bayden baş naziri Narendra Modini Ağ Evdə qəbul edib. Baş nazir Modinin şərəfinə Ağ Evdə rəsmi dövlət səfəri münasibətilə ziyafət təşkil edilib. Bununla ölkənin Birləşmiş Ştatlar üçün getdikcə daha vacib əhəmiyyət daşıdığı nümayiş etdirilir.

ABŞ prezidenti Co Bayden bundan əvvəl yalnız iki dəfə, Fransa prezidenti Emmanuel Makron və Cənubi Koreya prezidenti Yoon Suk-yeola belə bir dəvət göndərib. Hər iki ölkə beynəlxalq müqavilələrə əsasən ABŞ-ın müttəfiqidir.

Prezident Co Bayden Hindistanın Baş naziri Narendra Modinin ABŞ-a rəsmi dövlət səfəri Vaşinqtonda Ağ Evdə qarşılanma mərasimi zamanı çıxışını dinləyir, 22 iyun 2023.
Prezident Co Bayden Hindistanın Baş naziri Narendra Modinin ABŞ-a rəsmi dövlət səfəri Vaşinqtonda Ağ Evdə qarşılanma mərasimi zamanı çıxışını dinləyir, 22 iyun 2023.

Hindistan baş nazirinin səfərinin “rəsmi dövlət səfəri” adlandırılması da diqqət çəkir.

Hökumət başçıları kimi baş nazirlər adətən ölkəyə dövlət başçılarına verilən statusda “dövlət” səfəri ilə deyil, “rəsmi” səfərlə dəvət olunurlar.

Modi həmçinin cümə axşamı Konqresin hər iki palatasının birgə iclasında çıxış etməyə dəvət olunub.

Baydenin Modini yüksək səviyyədə qəbul etməsi üçün ən azı iki səbəbi var: o, Hindistanın Çinin müqabilində regiondakı rolunu gücləndirmək və ölkəni Rusiyada silahlar almaqdan imtina etməyə təşviq etməyə çalışır.

ABŞ-ın birinci xanım Cil Bayden və prezident Co Bayden Hindistanın Baş Naziri Narendra Modini Birləşmiş Ştatlara rəsmi dövlət səfəri zamanıVaşinqtonda Ağ Evdə salamlayırlar, 22 iyun, 2023.
ABŞ-ın birinci xanım Cil Bayden və prezident Co Bayden Hindistanın Baş Naziri Narendra Modini Birləşmiş Ştatlara rəsmi dövlət səfəri zamanıVaşinqtonda Ağ Evdə salamlayırlar, 22 iyun, 2023.

Vaşinqtonun nöqteyi-nəzərindən Dehli ilə güclü tərəfdaşlıq Amerikanın azad və açıq Hind-Sakit okean regionu ilə bağlı baxışını həyata keçirmək üçün çox vacibdir. Hind-Sakit okeanı regionunun təhlükəsizliyi üzrə müdafiə nazirinin köməkçisi Eli Ratner bu barədə Yeni Amerika Təhlükəsizliyi Mərkəzində keçirilən son tədbirdə açıqlama verib.

“Öz maraqları və suverenliyini müdafiə edə bilən daha güclü Hindistan ABŞ üçün faydalıdır”, o deyib.

Ratner bildirib ki, ABŞ administrasiyası Dehlinin hərbi modernləşdirilməsini dəstəkləyir və Hindistanı ABŞ-ın və digər müttəfiqlərin, o cümlədən Yaponiya, Avstraliya və Filippinin hərbi sənaye bazasına daha da inteqrasiya etməyə çal

Səfər zamanı Modinin Hindistanın Çin və Pakistanla sərhədini izləmək üçün iyirmidən çox Predator hərbi dronlarının alınması üçün 3 milyard dollarlıq müqavilə imzalayacağı bildirilir.

Səfərin digər potensial nəticəsi Tejas qırıcıları üçün mühərriklərin istehsalı məqsədilə texnologiyaların Amerikanın General Electric şirkətindən Hindistanın Hindustan Aeronautics Limited şirkətinə ötürülməsi ola bilər.

“Hindistan həmçinin ABŞ-ın adətən paylaşmaqdan çəkindiyi həssas, kritik və yeni texnologiyalar əldə etməyə çalışır”, Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin ABŞ-Hindistan siyasət araşdırmalarının rəhbəri Donald Kamp deyib.

Modi ABŞ-a səfərinin “tərəfdaşlığımızın dərinliyini və müxtəlifliyini zənginləşdirmək üçün bir imkan” olduğunu bildirib.

Baş nazir Dehlidən yola düşməzdən əvvəl verdiyi bəyanatda bu səfərin “ortaq dəyərlərə, demokratiyaya, müxtəlifliyə və azadlığa əsaslanan əlaqələrimizi gücləndirəcəyinə” əminliyini ifadə edib.

“Biz ümumi qlobal problemlərin həllində birlikdə daha güclüyük”, Hindistan lideri deyib.

Modi səfər ərəfəsində qeyd edib ki, Dehlinin Ukrayna münaqişəsi ilə bağlı Rusiyaya münasibəti ABŞ-da geniş tənqid olunmur.

Wall Street Journal qəzetinə verdiyi müsahibədə Modidən ABŞ-ın Hindistanın Rusiyanın Ukraynaya təcavüzü ilə bağlı daha sərt mövqe tutmadığına dair tənqidlərə münasibət bildirməsi istənilib.

“Mən düşünmürəm ki, bu anlayış ABŞ-da geniş yayılıb. Hesab edirəm ki, Hindistanın mövqeyi bütün dünyada yaxşı məlumdur və başa düşülür. Dünya Hindistanın əsas prioritetinin sülh olduğuna tamamilə əmindir”, Modi bildirib.

Rusiya silahlarının əsas idxalçısı olan Hindistan prezident Vladimir Putinin Ukraynaya müdaxiləsini tənqid etməkdən çəkinir. Dehli uzun müddət müttəfiqi olan Moskva ilə ticarəti əsas etibarilə Rusiya neftinin idxalı hesabına rekord səviyyəyə çatdırıb.

Eyni zamanda, ABŞ-da hüquq müdafiəçiləri Hindistanda dini azlıqlara qarşı təzyiqlərdən narahat olduqlarını bildirirlər.

“Qanun qarşısında bərabərlik, söz azadlığı, dini plüralizm və xalqımızın etnik-mədəni müxtəlifliyi – bu əsas prinsiplər qorunub saxlanılır və inkişaf etdirilir”, prezident Co Bayden Ağ Evdə Hindistanın Baş naziri Narendra Modini qəbul edərkən deyib. “Onlar [prinsiplər] ölkələrimizin tarixi boyu çətinliklərlə üzləşsələr də, gələcəyimizi müəyyən edəcəklər”, Bayden əlavə edib.

Bu həftənin əvvəlində 70-dən çox ABŞ qanunvericisi Baydenə məktub göndərərək, onu Modi ilə insan hüquqlarının və demokratik dəyərlərin qorunmasının zəruriliyi barədə danışmağa çağırıb.

Məktubu imzalayanlardan biri olan senator Ben Cardin Hindistanın “ABŞ ilə çox mühüm əlaqələri olduğunu” deyib. “Lakin biz onun bizim dəyərlərimizlə razı olmasını təmin etməliyik və Hindistan öz vətəndaşlarının hüquqlarını qorumaq üçün daha çox iş görməlidir”, o, Amerikanın Səsinə deyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Ukraynanın enerji infrastrukturuna daha çox zərbə endirir
please wait

No media source currently available

0:00 0:12:39 0:00
XS
SM
MD
LG