Accessibility links

Yeni araşdırma: Ukraynada həlak olan rusiyalı hərbçilərin sayı 30 mindən çoxdur


Rusiyanın Ukraynaya tammiqyaslı hərbi hücumunun başlanğıcından cəbhədə ən azı 30,003 rusiyalı hərbçi həlak olub. Onlardan 3,167 nəfər səfərbərlik nəticəsində orduya cəlb olunanlardır. "Mediazona" və BBC-nin rus xidmətinin jurnalistləri həlak olanları müəyyən ediblər.

Jurnalistlər açıq mənbələrə (mətbuatda gedən nekroloqlar, qohumların sosial şəbəkələrdə paylaşımları və s.) əsaslanan araşdırmalarında bildiriblər ki, son iki həftə ərzində Moskva vilayətindən həlak olanların sayında artım müşahidə edilib. Bildirilir ki, bu, cəbhədə olan vəziyyətlə yox, həlak olanların şəxsiyyətini müəyyən edilməsində artımla əlaqədardır.

Həlak olanlar arasında ən böyük qrup məhkumlar (5,637 nəfər) və döyüşlərə səfərbərlik nəticəsində cəlb olunanlardır (3,167 nəfər).

Jurnalistlər həmçinin bildiriblər ki, 2022-ci ilin 24 fevralından 2023-cü ilin 11 avqustuna qədər Ukraynada həlak olduğu müəyyən edilmiş Rusiya hərbçiləri arasında 2,400 nəfərdən çox zabit var. Əlavə edilir ki, onların arasında 284 nəfər polkovnik-leytenant və daha yuxarı rütbəli zabitlərdir.

Jurnalistlər tərəfindən təsdiq edilmiş itkilərə görə, öndə gedən Rusiya regionaları Sverdlovsk vilayəti (1,113 nəfər), Krasnodar vilayəti (1,071 nəfər) və Başqırdıstan vilayətidir (932 nəfər). Həlak olduğu məlum olanlar arasında 297 nəfər Moskva, 293 nəfər Sankt-Peteburq şəhərlərindəndir.

Daha öncə "Meduza" və "Mediazona" jurnalistləri müharibənin 15 ayı ərzində Rusiya qoşunlarının Ukraynada həlak olan hərbçilərinin sayının 47 min nəfər olduğunu bildirmişdilər. Araşdırmanı aparan jurnalistlər vəsatət işlərinin reyestri və Federal Dövlət Statistika Xidmətinin məlumatlarına əsaslanmışdılar.

“2022-ci il ərzində 50 yaşına qədər 25 min kişi ölüb. 2023-cü ilin 27 may tarixində bu rəqəm artıq 47 min idi. Daha dəqiq olsaq, həlak olanların sayı 95 faiz ehtimalla 40 və 55 min arasındadır” – deyə, jurnalistlər bildiriblər.

Rusiya tərəfi həlak olanlar haqda rəsmi məlumat dərc etmir. Sonuncu dəfə Müdafiə Nazirliyi həlak olanlar haqda 2022-ci ilin sentyabrında hesabat verib. O zaman nazir Sergey Şoyqu 5,937 hərbçinin həlak olduğunu bildirmişdi. Araşdırmaçılar bildirirlər ki, bu rəqəm həqiqətdən uzaqdır. Belə ki, hətta o zaman açıq mənbələrdən toplanılan məlumatlara əsasən, həlak olduğu müəyyən olunmuş şəxslərin sayı rəsmi rəqəmdən çox idi.

Forum

XS
SM
MD
LG