İordaniya ərəblərin Qəzza müharibəsində itkilərin artması ilə atəşkəs çağırışlarına rəhbərlik edib.
Ərəb analitikləri xəbərdarlıq edir ki, İsrailin HƏMAS-ı məhv etmək üçün quruya hücumu daha geniş regional münaqişəyə çevrilə bilər.
İsrailin sülh tərəfdaşları İordaniya və Misir fələstinlilərin ölkələrinə kütləvi şəkildə köçürülməsini pisləyir. Qəzzada ölən mülki əhalinin sayı artdıqca və humanitar vəziyyət pisləşdikcə İsrail ABŞ və Avropa İttifaqının terror təşkilatı kimi tanıdığı HƏMAS-ı məhv edəcəyinə söz verib.
İordaniyanın keçmiş xarici işlər naziri Mərvan Muaşer bu həftə onlayn Karnegi Yaxın Şərq panelində deyib ki, yaraqlıları məhv etmək çətin ola bilər, çünki HƏMAS “yalnız bir hərəkat deyil, bu artıq ideologiyaya çevrilib”.
Muaşer xəbərdarlıq edib: “Əgər HƏMAS hərbi maşını məhv edilərsə, qorxuram ki, bir çox digər HƏMAS-lar meydana çıxacaq. Bu kimi hərbi yollarla bu problem həll edolə bilməz. Yalnız siyasi proses ola bilər. Siyasi proseslə bağlı problem sadəcə kimin buna başçılıq edəcəyindədir”.
Muaşer deyib ki, əgər İsrail Fələstin dövlətinin yaradılmasına aparan sülh prosesində iştirak etməsə və ölkə daxilində Fələstin əksəriyyətini idarə etmək istəməsə, fələstinlilərin İordaniya və Misirə kütləvi şəkildə köçürülməsinə cəhd edə bilər. Bu isə qəbuledilməzdir.
Keçmiş Misir millət vəkili Əmr Həmzəvi deyib ki, Misir Qəzzadakı insanlara yardıma icazə verməyə çalışsa da, “hər hansı bir yerdəyişmə ssenarisindən çox narahatdır”.
“Misir hökumətinin mövqeyi xalqın əhval-ruhiyyəsi ilə tam dəstəklənir. İki dövlətli həlli qəbul etməmək, işğala son qoymamaq və Fələstin məsələsindən xilas olmaq kimi İsrail problemini həll etmək üçün milli suverenliyimizdən və sərhədlərimizdən sui-istifadə edilməsinə icazə verməyəcəyik” - deyə, Həmzəvi bildirib.
Cümə axşamı Misir, İordaniya, Küveyt, Bəhreyn, Mərakeş, Oman, Qətər, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər nazirləri Qəzzada mülki şəxslərin hədəf alınmasını və beynəlxalq hüququn pozulmasını pisləyiblər.
Onlar bildiriblər ki, İsrailin özünümüdafiə hüququ qanunu pozmağa və fələstinlilərin hüquqlarına etinasız yanaşmağa haqq qazandırmır.
Nazirlər daha geniş regional münaqişənin inkişafı ilə bağlı narahatlıqlarını ifadə edib.
İsrailin müdafiə naziri Yoav Gallant mətbuat konfransında deyib ki, İsrail “müharibənin genişləndirilməsində maraqlı deyil”.
Forum