Accessibility links

Fransa prezidenti Emmanuel Makron Qazaxıstana gedib


Fransa prezidenti Emmanuel Makron uzun müddət Rusiyanın arxa bağçası sayılan və Ukraynada müharibə başlayandan bəri Qərbin diqqətini yenidən cəlb edən Orta Asiyaya səfərinin ilk mərhələsi çərçivəsində çərşənbə günü Qazaxıstana gedib.

Neftlə zəngin Qazaxıstan artıq Rusiyadan tədarükü kəsən Avropa ölkələrinə xam neftin əvəzedici tədarükçüsünə və Rusiyadan yan keçərək yeni Çin-Avropa ticarət yolunun mühüm halqasına çevrilib.

Prezident Kasım-Jomart Tokayevlə görüşdə Makron Qazaxıstanı Ukrayna məsələsində Moskvanın tərəfinə keçməkdən imtina etdiyinə görə tərifləyib və bildirib ki, iki ölkə arasında işgüzar sazişlər, o cümlədən nadir metallar sahəsində tərəfdaşlıq bəyannaməsi imzalanıb.

Rusiya Qərbin Orta Asiyanın keçmiş sovet ölkələrində artan diplomatik fəaliyyəti ilə bağlı narahatlığını bildirib. Xarici işlər naziri Sergey Lavrov ötən həftə deyib ki, Qərb Rusiyanın “qonşularını, dostlarını və müttəfiqlərini” yanına çəkməyə çalışır.

“Mən heç bir halda bəzilərinin sizə göstərə biləcəyi geosiyasi çətinlikləri, təzyiqləri aşağı qiymətləndirirəm”, Makron Tokayevə deyib.

Makronun daha sonra gedəcəyi Qazaxıstan və Özbəkistan Rusiyanın Ukrayna ərazilərinin ilhaqını tanımaqdan imtina edib və Qərbin Moskvaya qarşı tətbiq etdiyi sanksiyalara əməl etməyə söz verib. Eyni zamanda onlar həm Rusiyanı, həm də Fransa kimi Qərb dövlətlərini öz strateji tərəfdaşları adlandırıblar.

“Biz dostlarımıza hörmət edirik, onların bizə ehtiyacı olanda yanlarında oluruq və onların müstəqilliyinə hörmət edirik”, - Makron bildirib.

Neftdən əlavə, Qazaxıstan əsas uran ixracatçısıdır və Fransanın Orano şirkəti artıq öz dövlət nüvə şirkəti Kazatomprom ilə birgə fəaliyyət göstərir.

Tokayev Makronun səfərini mühüm və tarixi səfər adlandırıb.

Forum

XS
SM
MD
LG