HƏMAS-ın nəzarətində olan Qəzzanın səhiyyə məsulları bazar günü bildirib ki, Qəzza zolağında İsrail və HƏMAS arasında üç aydan çox davam edən döyüşlərdə həyatını itirən fələstinlilərin sayı 25,000-ni keçib.
Açıqlanan məlumata görə, mülki şəxslər və HƏMAS militantları daxil olmaqla, ölənlərin sayı 25,102 nəfərdir. Bunların təxminən 70 faizi qadınlar və uşaqlardır. Səhiyyə rəsmiləri münaqişə nəticəsində 62,681 nəfərin yaralandığını bildirib.
Fələstinlilər son 24 saat ərzində 178 fələstinlinin öldürüldüyünü, 293 nəfərin yaralandığını bildirib.
Böyük Britaniyanın müdafiə naziri Qrant Şapps Sky News kanalına bildirib ki, İsrailin baş naziri Benyamin Netanyahunun İsrail və HƏMAS arasında müharibənin sonunda Fələstin dövlətinə qarşı çıxmasını eşitmək “məyusedicidir”.
“İki dövlətli həll yoluna getməsəniz, mən həqiqətən başqa bir həllin olduğunu görmürəm”, Şapps bildirib.
Netanyahu şənbə günü Qəzza zolağına “İsrailin tam nəzarəti məsələsində güzəştə getməyəcəyini” bildirib və bunun “Fələstin dövlətinə zidd olduğunu” deyərək, ABŞ prezidenti Co Baydenin yaradıcı həllərin liderlərin Fələstin dövlətçiliyi məsələsi ilə bağlı fikirləri arasında böyük uçurumu aradan qaldıra biləcəyi ilə bağlı şərhini rədd edib.
Cümə günü administrasiyasının mövqeyini müzakirə edən Bayden “iki dövlətli həllin bir neçə növü var” deyib. Netanyahunun hakimiyyətdə olması ilə iki dövlətli həllin mümkün olmadığı ilə bağlı suala Bayden “xeyr, belə deyil”, deyə cavab verib.
Bayden cümə günü Netanyahu ilə Ağ Evin bir ay ərzində İsrail lideri ilə keçirdiyi ilk söhbəti zamanı müstəqil Fələstin dövlətinin yaradılması ilə bağlı mümkün həll yollarını müzakirə etdiyini və bunun bir yolunun hərbiləşdirilməmiş hökuməti ehtiva edə biləcəyini bildirib.
“Baş nazir Netanyahu prezident Baydenlə telefon danışığında HƏMAS-ın məhv edilməsindən sonra İsrailin Qəzza zolağının artıq İsrail üçün təhlükə yaratmamasını təmin etmək üçün Qəzza üzərində təhlükəsizlik nəzarətini saxlamalı olduğu siyasətini təkrarlayıb. Bu, Fələstinin suverenliyi tələbinə ziddir”, İsrail baş nazirinin ofisinin bəyanatında deyilir.
Netanyahu eyni zamanda ölkə daxilində artan təzyiqlərlə üzləşir.
HƏMAS militantlarının Qəzza zolağında saxladığı girovların qohumları şənbə günü onun evinin qarşısında etiraz aksiyası keçirərək, hökumətdən onların ailə üzvlərini azad etmək üçün qətiyyətli addım atmasını tələb ediblər. Onlar hərbi fəaliyyətlərin artmasının əsirlərin həyatını daha da çox təhlükə altına salacağından ehtiyat etdiklərini deyirlər.
Bu arada dördüncü aya keçən müharibənin istiqaməti ilə bağlı İsrail Nazirlər Kabinetində fikir ayrılıqları artır.
Müharibə kabinetinin üzvü, İsrail ordusunun keçmiş rəisi Qadi Ayzenkot bildirib ki, girovların azad edilməsinin yeganə yolu atəşkəsdir. Bu açıqlama İsrailin HƏMAS militantlarına qarşı müharibəni onların məhv edilməsinə qədər dayandırmaması kimi hazırkı strategiyasının tənqidini nəzərdə tutur.
Netanyahu həmçinin HƏMAS-a qarşı hərtərəfli müharibə istəyən sağçı hakim koalisiya üzvlərinin təzyiqi altındadır. İsrailin əsas müttəfiqi Birləşmiş Ştatlar mülki insanların həyatını qorumaq üçün Qəzzada təmkin göstərməyə çağırır.
İsrail lideri HƏMAS üzərində “tam qələbəyə” çalışacağını bildirib, lakin buna necə nail olacağını açıqlamayıb.
Tənqidçilər onu Qəzza üçün müharibədən sonrakı ssenari ilə bağlı kabinet səviyyəsində müzakirələrin qarşısını almaqda ittiham ediblər. Onlar deyirlər ki, Netanyahu öz koalisiyası daxilində münaqişənin qarşısını almaq üçün vaxtı uzadır.
Forum