Accessibility links

Konqres: Hökumətin bağlanmasının qarşısını almaq üçün danışıqlar davam edir


İki partiya arasında fikir ayrılıqları və Nümayəndələr Palatasında Respublikaçıların zəif çoxluğu fonunda hökumətin qismən bağlanmasının qarşısını almaq üçün Konqresin üç günü qalıb.

Demokratlar və Respublikaçılar çərşənbə axşamı prezident Co Baydenlə gərgin görüş kimi təsvir etdikləri toplantıda iştirak edərək bağlanmanın qarşısını almağa söz verib. Lakin onlar bunun necə ediləcəyi ilə bağlı razılığa gələ bilməyib.

Demokratların Senatdakı lideri Çak Şumer və Nümayəndələr Palatasının spikeri Mayk Conson arasında qarşıdurma maliyyə ili üçün 1,59 trilyon dollarlıq xərclərə dair ötən ay əldə edilmiş razılaşmaya baxmayaraq, davam edir.

“Biz inanırıq ki, bu məsələlərdə razılığa gələ bilərik və bağlanmanın qarşısını ala bilərik. Bu, bizim ilk məsuliyyətimizdir” - deyə, Conson çərşənbə axşamı jurnalistlərə bildirib.

Respublikaçı əksəriyyət arasında olan sərtxətt tərəfdarları xərclərin azaldılması və siyasət dəyişikliyinə nail olmağa çalışırdılar. Buraya Demokratların abort və ərzaq yardımı da daxil olmaqla, rədd etdiyi qanun layihələri aiddir. Əgər razılıq əldə olunmasa, o zaman şənbə günü bəzi dövlət idarələrinin işinin qismən dayandırılmasına başlanılacaq.

Bundan əlavə, maliyyəsi martın 8-də bitəcək daha çox federal qurum üçün ikinci son tarix yaxınlaşır.

Şumer jurnalistlərə deyib ki, qanunvericilər hökumətin maliyyələşdirilməsi ilə bağlı danışıqlarda irəliləyiş əldə ediblər, lakin hələ heç bir qərara gəlməyiblər.

Senatın Təxsisatlar Komitəsinin sədri Patti Mürrey "Hər iki palatada hər iki tərəf birlikdə işləsə, bağlanma üçün heç bir səbəb olmayacaq" deyib.

Reytinq agentliyi Moody's sentyabr ayında bağlanmanın ölkənin kredit reytinqinə zərər verdiyini bildirmişdi.

Hökumətin maliyyələşdirilməsi ilə bağlı qanun layihələri ilə yanaşı, Konqres həmçinin Baydenin təklif etdiyi Ukrayna və İsrailə yeni yardım da daxil olmaqla, milli təhlükəsizliyin maliyyələşdirilməsinə dair 95 milyard dollarlıq qanun layihəsini qəbul etməyə çalışır.

Senat qanun layihəsini qəbul etsə də, Nümayəndələr Palatasında onun səsverməsi gecikir.

Forum

XS
SM
MD
LG