Accessibility links

Netanyahu: “İsrail HƏMAS-la müharibədə qələbəyə bir addım yaxındır”


İsrailin quru qoşunlarını Qəzza zolağının cənubundan çıxarmasından sonra Rəfahda sığınan fələstinlilər Xan Yunisə qayıtmaq üçün şəhəri tərk edir, 7 aprel 2024.
İsrailin quru qoşunlarını Qəzza zolağının cənubundan çıxarmasından sonra Rəfahda sığınan fələstinlilər Xan Yunisə qayıtmaq üçün şəhəri tərk edir, 7 aprel 2024.

İsrail və HƏMAS arasında müharibənin altı aydır davam etdiyi vaxt İsrailin baş naziri Benyamin Netanyahu bazar günü Qəzza zolağının digər hissələrində “əhəmiyyətli qüvvə” saxlayaraq, Qəzzanın cənubundan qüvvələrini çıxardığı vaxt ölkənin qələbəyə yaxın olduğunu elan edib.

Netanyahu Qahirədə dalana dirənmiş atəşkəs danışıqlarının bərpa edilməsinə baxmayaraq, “girovlar qaytarılmadan atəşkəs olmayacağına” söz verib.

HƏMAS-ın oktyabrın 7-də İsrailə qarşı 1200 nəfərin ölümünə səbəb olan hücumda ələ keçirdiyi 250-yə yaxın girovdan 100-ə yaxın girovu Qəzzanın tunellərində hələ də saxladığı güman edilir. Fevralın ortalarına olan məlumata görə, əksəriyyəti noyabrda bir həftəlik atəşkəs zamanı olmaqla 112 girov azad edilib. Daha 36 nəfərin Qəzzada altı aylıq döyüşlər zamanı öldüyü və ya öldürüldüyü güman edilir.

Qəzzanın HƏMAS tərəfindən idarə olunan səhiyyə nazirliyi bildirib ki, İsrailin əks-hücumları üçdə ikisi qadın və uşaqlar olmaqla 33 mindən çox insanın ölümünə səbəb olub. İsrail ordusu bu rəqəmə öldürülən minlərlə militanttın daxil olduğunu bildirir.

Netanyahu bildirib ki, əsas müttəfiqi olan ABŞ da daxil olmaqla, artan beynəlxalq təzyiqlərə baxmayaraq, İsrail Qəzzanı idarə edən islamçı HƏMAS-ın İsrailin bütün qüvvələrini Aralıq dənizi boyunca dar ərazidən çıxarılması ilə bağlı “ifrat” tələblərinə boyun əyməyəcək.

Keçən həftə ABŞ prezidenti Co Baydenin tələbi ilə İsrail Qəzzanın İsraillə şimal sərhədində yerləşən Erezdə yeni humanitar yardım yolunun açılmasına razılıq verib, lakin orada əməliyyatlar hələ başlamayıb. Çoxu Qəzzanın cənubunda Misirlə sərhəddə Rəfah yaxınlığında müvəqqəti çadırlarda sığınan yüz minlərlə fələstinli aclıq çəkir.

Netanyahu orada sığınan bir milyondan çox fələstinli mülki vətəndaşı qoruyaraq, HƏMAS-ın dörd batalyonunu məhv etmək üçün Rəfaha qurudan hücuma keçəcəyini söz verib. Lakin İsrail fələstinliləri təhlükədən qorumaq üçün onların hara köçürülə biləcəyi ilə bağlı heç bir açıqlama verməyib.

ABŞ və İsrailin Qərbdə digər tərəfdarları mülki əhalinin İsraillə militantlar arasında atəş arasında qalmasından ehtiyat edərək, Rafahda quruda hər hansı hücuma qarşı olduqlarını bildiriblər.

İsrail Müdafiə Qüvvələri və İsrail mediası HƏMAS militantları ilə aylarla davam edən gərgin döyüşlər nəticəsində ərazidə infrastrukturun çox hissəsi məhv edildikdən sonra İsrailin bazar günü Xan Yunis qəsəbəsi də daxil olmaqla, Qəzza zolağının cənubundan qüvvələrini çıxardığını bildirib.

“98-ci komando diviziyası Xan Yunisdəki missiyasını başa vurub. Diviziya yenidən qruplaşmaq və gələcək əməliyyatlara hazırlaşmaq üçün Qəzza zolağını tərk edib” – deyə, ordunun verdiyi açıqlamada bildirilir.

İsrailin “Haaretz” qəzeti geri çəkilmənin taktiki xarakter daşıdığını bildirib.

Bununla yanaşı, müzakirəçilər atəşkəsə nail olunması və girovların azad edilməsinə dair danışıqların bərpası üçün şənbə günü Qahirəyə gəlməyə başlayıblar.

Forum

XS
SM
MD
LG