Accessibility links

İran: Suriya hücumundan sonra İsrail səfirlikləri “artıq təhlükəsiz deyil”


Təcili yardım xidmətləri Suriyada Dəməşqdə hava hücumu nəticəsində dağılmış binanın yaxınlığında işləyir. İsrailə aid edilən hava hücumu İranın Dəməşqdəki səfirliyinin konsulluq bölməsinin dağılması, 12 nəfərin ölümünə səbəb olub, 1 aprel 2024.
Təcili yardım xidmətləri Suriyada Dəməşqdə hava hücumu nəticəsində dağılmış binanın yaxınlığında işləyir. İsrailə aid edilən hava hücumu İranın Dəməşqdəki səfirliyinin konsulluq bölməsinin dağılması, 12 nəfərin ölümünə səbəb olub, 1 aprel 2024.

İranın ali liderinin müşaviri bazar günü xəbərdarlıq edib ki, Tehranın Suriyada İsraili günahlandırdığı və İslam İnqilabı Keşikçiləri Korpusunun 7 üzvünün ölümülə nəticələnmiş hücumdan sonra İsrail səfirlikləri “artıq təhlükəsiz deyil”.

Tehran bazar ertəsi Dəməşqdə İran səfirliyinin konsulluq binasına endirilən və iki general da daxil olmaqla, İslam İnqilabı Keşikçiləri Korpusunun yeddi üzvünün ölümünə səbəb olan hava hücumunun qisasını alacağına söz verib.

“Müqavimət cəbhəsi hazırdır, bunun (cavab) necə olacağını gözləməliyik,” o bildirib və “bu qəddar rejimə qarşı durmağın qanuni və legitim bir hüquq olduğunu” qeyd edib.

O həmçinin bildirib ki, İsrailin regiondakı bir çox səfirliyi “bağlanıb”.

İsrail tərəfindən dərhal şərh verilməyib.

Britaniyada qərargahlanan Suriya İnsan Hüquqlarını Monitorinq Qrupunun müşahidəçilərinə görə, bazar ertəsi 16 nəfərin ölümü ilə nəticələnən hücum bir həftə ərzində Suriyaya İsrailin günahlandırıldığı beşinci hücum olub.

Ölənlər arasında İslam İnqilabı Keşikçiləri Korpusunun xarici əməliyyatlar qolu olan Qüds Qüvvələrinin yüksək səviyyəli komandirləri olan generallar Məhəmməd Rza Zahedi və Məhəmməd Hadi Hacı Rəhimi də olub.

63 yaşlı Zahedi 40 ildən artıq karyerası ərzində bir sıra yüksək komanda vəzifəsində çalışıb.

O, 2020-ci ildə ABŞ-ın Bağdad hava limanına endirdiyi raket zərbəsi nəticəsində Qüds Qüvvələrinin komandiri general Qasım Süleymaninin ölümündən sonra öldürülən ən yüksək səviyyəli İran zabitidir.

Dəməşqdə bazar ertəsi hava zərbəsi Qəzzada oktyabrın 7-də HƏMAS-ın İsrailə əksəriyyəti mülki şəxslər olmaqla 1170 nəfərin ölümü ilə nəticələnmiş hücumu ilə başlayan müharibə fonunda endirilib.

Tehran HƏMAS-ı dəstəkləyir, lakin İsrailin Qəzza zolağında cavab olaraq genişmiqyaslı əməliyyatlarına səbəb olan hücumda birbaşa iştirakını rədd edir.

HƏMAS-ın idarə etdiyi fələstin ərazisinin Səhiyyə Nazirliyi altı aydır davam edən müharibədə azı 33 175 nəfərin öldüyünü bildirib.

İran İsrail dövlətini tanımır və iki ölkə illərdir kölgə müharibəsi aparır.

İslam Respublikası İsraili nüvə proqramını hədəf alan təxribat hücumları və sui-qəsdlər dalğası törətməkdə ittiham edir.

Forum

XS
SM
MD
LG