Accessibility links

Etirazçılar Ağ Evin ətrafında simvolik qırmızı xətt çəkərək Qəzzada müharibəyə son qoymağa çağırıblar


Etirazçılar şənbə günü Ağ Evin ətrafında simvolik qırmızı xətt çəkərək, Qəzzada səkkiz aydır davam edən İsrail-HƏMAS müharibəsinə son qoymağa çağırıb və Amerika liderlərini şənbə günü hava hücumlarının olduğu bildirildiyi Rəfahı işğal etməmək üçün İsrailə təzyiq göstərməyə çağırıblar.

Münaqişə doqquzuncu ayına qədəm qoyduğu bir vaxtda nümayişçilər əllərində İsrail qüvvələri tərəfindən öldürülən fələstinlilərin adlarının yazıldığı uzun plakat tutaraq “Vaşinqtondan Fələstinə qədər qırmızı xəttik” şüarını səsləndiriblər.

Prezident Co Bayden İsrailin baş naziri Benyamin Netanyahunu böyük hərbi əməliyyata başlamamağa çağırıb və bunu qırmızı xətt adlandırıb, lakin İsrail Müdafiə Qüvvələri may ayının əvvəlindən bəri Rəfah və onun yaxınlığında hərbi əməliyyatlar aparır.

HƏMAS-ın idarə etdiyi səhiyyə nazirliyinin məlumatına görə, may ayının sonunda İsrailin Qəzzanın cənubundakı düşərgəyə endirdiyi hava zərbəsi nəticəsində azı 45 nəfər həlak olub. Bunun prezidentin qırmızı xəttini keçib-keçmədiyinə dair suala cavab olaraq, Ağ Evin milli təhlükəsizlik kommunikasiyaları üzrə müşaviri Con Kirbi deyib ki, administrasiya İsrailin Rəfahdakı hərəkətlərinin “böyük quru əməliyyatı” olduğuna inanmır.

Şənbə günü Vaşinqtonda etirazçılar bu fikri rədd edib.

Valideynləri fələstinli olan Virciniyadan 25 yaşlı etirazçı Zaid Mahdavi, "Mən artıq Co Baydenin dediyi sözlərin heç birinə inanmıram" deyib.

“Onun ritorikasındakı bu “qırmızı xətt” cəfəngiyatdır… bu, onun riyakarlığını və qorxaqlığını göstərir,”- Mahdavi Agence France-Presse agentliyinə bildirib.

Etiraz bir neçə qrup, o cümlədən Amerika-İslam Münasibətləri Şurası, CODEPINK və başqaları tərəfindən təşkil edilib.

Müharibə əleyhinə solçu təşkilat olan CODEPINK, Fələstinin dövlətçiliyi ilə bağlı mövqeyinə görə etirazda bir çoxları tərəfindən dəstəklənir, ancaq Rusiyanın hərbi müdaxiləsi zamanı ABŞ-ın Ukraynaya dəstəyinə qarşı çıxdığına görə başqaları tərəfindən tənqid edilir. Bəzi etirazçılar heç bir hərəkata bağlı olmadıqlarını bildiriblər.

Avrobuslar insanları paytaxta ən azı 13 ştatdan gətirib. Etirazçıların sayı ilə bağlı rəsmi məlumat yox idi, ancaq izdiham Ağ Evin ətrafında simvolik qırmızı xətt çəkib.

Bayden bazar gününə qədər Fransada olduğuna görə etiraz zamanı Ağ Evdə olmayıb.

Ağ Ev son girov razılaşması və atəşkəs təklifinə HƏMAS-ın rəsmi cavabını gözləyir. Bayden və Fransa prezidenti Emmanuel Makron şənbə günü ikitərəfli görüşdə Qəzzanı müzakirə edib.

Amerikanın Səsi Ağ Evdən etiraza və etirazçıların tələblərinə reaksiya istəyib və ABŞ-ın Məxfi Xidmətinin bəyanatını alıb: “Bu həftə sonu Vaşinqtonda böyük izdihamı cəlb etmək potensialına malik hadisələrə hazırlıq məqsədilə Ağ Ev kompleksinin yaxınlığında əlavə ictimai təhlükəsizlik tədbirləri görülüb.”

Şənbə günü ABŞ paytaxtında keçirilən tədbirlər arasında LGBTQ+ qürur paradı da olub.

Forum

XS
SM
MD
LG