Accessibility links

Malavi prezidenti vitse-prezidentin təyyarə qəzasında həlak olduğunu bildirib


Malavi prezidenti bildirib ki, vitse-prezident Saulos Çilima, həyat yoldaşı və daha səkkiz nəfər təyyarə qəzasında həlak olub. Təyyarə bazar ertəsi sıx meşədə qəzaya uğrayıb.

Prezident Lazarus Çakvera çərşənbə axşamı qəza ilə əlaqədar xalqa müraciət edib. O bildirib ki, axtarış-xilasetmə qrupları Çikanqava meşəsindəki bir təpənin yaxınlığında təyyarənin "tamamilə məhv edilmiş" qalıqlarını tapıb. Prezident qəzada sağ qalanların olmadığını bildirib.

51 yaşlı Çilima və digər sərnişinlər bazar ertəsi paytaxt Lilonqvedən yerli vaxtla səhər saat 9:17-də şimaldakı Mzuzu şəhərinə gedən hərbi təyyarənin göyərtəsində olublar. Pis hava şəraiti təyyarənin Mzuzu hava limanına enməsinə mane olduqdan sonra təyyarəyə paytaxta qayıtmaq əmri verilib. Lakin qısa müddətdən sonra təyyarə radarlardan itib.

Çakvera qəzanı "ürək parçalayan" adlandırıb və millətin itkidən hiss etdiyi acizliyi anladığını deyib. O, vitse-prezidenti yaxşı insan, sədaqətli ata və ölkəsinə ləyaqətlə xidmət edən bir şəxs kimi xarakterizə edib.

Prezident deyib ki, "Mən son dörd ildə onun müavinim və məsləhətçim olmasını, həyatımın ən böyük şərəflərindən biri hesab edirəm".

Malavi Müdafiə Qüvvələrinin komandanı Paul Valentino Firinin sözlərinə görə, Malavi ordusu təyyarənin axtarışına rəhbərlik edib və qonşu dövlətlərdən kömək alıb. O bildirib ki, gecə boyu davam edən axtarışlara əlverişsiz hava şəraiti və çətin relyef mane olub.

İki pərli mühərrikə sahib Dornier 228-202K təyyarəsinin göyərtəsində Malavinin keçmiş birinci xanımı Şanil Dzimbiri və üç hərbi ekipaj üzvü də daxil olmaqla yeddi sərnişin olub.

Prezident Çakvera çıxışında sözügedən təyyarədə özünün də uçduğunu və ekipajın qəzadan bir neçə saat əvvəl təyyarəni uğurla idarə etdiyini deyib.

2014-cü ildə ilk vitse-prezident seçilən Çilima Malavidə, xüsusən də gənclər arasında geniş populyarlıq qazanıb və gələn il keçiriləcək seçkilərdə prezidentliyə namizəd kimi qəbul edildiyi bildirilir.

Lakin Çilima 2022-ci ildə Britaniyalı-Malavi iş adamı ilə bağlı rüşvət qalmaqalına görə həbs olunduqdan və rüşvətxorluqda ittiham olunduqdan sonra səlahiyyətlərindən məhrum edilib.

Keçən ay Malavi məhkəməsi ittihamları ləğv etdikdən sonra o, öz vəzifəsini bərpa edib.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. İsrailin baş naziri müharibə kabinetini buraxıb
please wait

No media source currently available

0:00 0:12:28 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukrayna sülh sammiti. Azərbaycan və İran münasibətlərinin perspektivi.
please wait

No media source currently available

0:00 0:30:08 0:00
XS
SM
MD
LG