Accessibility links

Harris və Tramp seçki debatına razılıq verdilər


ABŞ Vitse Prezidenti və Demokratların qarşıdan gələn noyabr seçkilərində prezidentliyə namizədi Kamala Harris və onun Respublikaçı opponenti, sabiq prezident Donald Tramp cümə axşamı 10 sentyabrda ABC News telekanalı tərəfindən təşkil olunacaq debatda iştirak etməyə razılıq veriblər.

NBC xəbər şirkəti də hazırda hər iki kampaniya ilə ikinci debatın keçirilməsini müzakirə edir.

Bu arada Tramp keçirdiyi mətbuat konfransında vitse-prezidentliyə namizəd tərəfdaşı JD Vansın Demokrat vitse-prezidentliyə namizəd Tim Valzla CBS telekanalının təşkil edəcəyi debatda qarşılaşacağını bildirib.

Rəy sorğuları Harrislə Tramp arasında yarışın qızğın keçdiyini göstərir.

Cümə axşamı Florida ştatındakı sahilyanı Mar-a-Lago imarətində keçirdiyi mətbuat konfrasnında təqribən bir saat ərzində Donald Tramp 37 sualı cavablandırıb.

Konfransda məqsəd rəqibi müdafiə mövqeyinə qoymaq və Harrisin Prezident Co Bayden seçki kampaniyasına qon qoyduqdan sonrakı 18 gün ərzində mətbuat konfransı keçirməməsinə diqqət yönəltmək idi.

78 yaşlı Tramp Harrisi durmadan tənqid edərək onu intellektual baxımdan dayaz və “radikal solçu” kimi təsvir edib. Rəqibinin adını tez-tez səhv tələffüz edən Respublikaçı prezidentliyə namizəd Harrisi seçicilərdən uzaq olan bir siyasətçi kimi qələmə verməyə çalışıb.

"O, müsahibə edə bilmir, səriştəsi azdır," Tramp iddia edib. "Onun mətbuat konfransı keçirməyə ağlı çatmır."

Tramp Harrisi "Baydendən daha pis və daha az ağıllı" kimi təsvir etdikdən az sonra bildirib: "Söhbət ondan getmir. Söhbət onun pis siyasətlərindən gedir."

Mətbuat konfransında Tramp həqiqətə uyğun olmayan bir sıra fikirlər səsləndirib. Bunların sırasında onun Harrisin Viskonsin və Miçiqan ştatlarında keçirdiyi kampaniya nümayişlərinə yalnız 1500 adamın gəldiyi haqda iddiası daxildir. Halbuki bu nümayişlərə minlərlə adam qatılmışdı.

Başqa bir iddiada Tramp öz tərəfdarlarının 2021-ci il 6 yanvarda Konqresin onun seçkiləri Co Baydenə uduzduğunu təsdiq etməsinin qarşısını almaq üçün Kapitoliyə basqın etməsi nəticəsində heç kimin ölmədəyini deməsi yer alır. Həmin gün 1000-dən çox Tramp tərəfdarı həbs edilmiş, bir nəfər polis tərəfindən güllələnmiş və bir neçə başqası gün ərzində yaşadığı travmalardan sonra ölmüşdü.

Onun “ölkənin mütləq əksəriyyəti məni dəstəkləyir” iddiası həm 2016-cı il, həm də dörd il sonrakı seçki kampaniyasında ümummilli səsverməni uduzması ilə təzad təşkil edir. Hazırda amerikalıların 43 faizi Trampa müsbət yanaşdığını bildirir.

Kamala Harris son günlərdə ötəri qaydada müxbirlərin suallarını cavablandırsa da, tam sual-cavablı mətbuat konfransı keçirməyib.

Harris və Valz son bir neçə gündə rəqabətin qızğın keçəcəyi ştatlara kampaniya səfərləri ediblər. Tramp bu həftə Floridada qalaraq siyasi kampaniyasına donorlar cəlb etmək üçün fəaliyyət göstərib.

Forum

XS
SM
MD
LG