Cümə günü hakim Donald Trumpın “pul müqabilində susmaq” işi üzrə hökmünü noyabr seçkilərindən sonraya qədər təxirə salmağa razılaşdı. Bu qərar cinayət hökmündən sonra Respublikaçılar Partiyasından prezidentliyə namizəd üçün əhəmiyyətli qələbə kimi qiymətləndirilir.
Manhetten hakimi Xuan Merçan hökmün oxunmasını noyabrın 26-na qədər, prezident seçkilərindən bir neçə həftə sonraya qədər təxirə saldı.
Hakim Merçan həmçinin müdafiə tərəfinin toxunulmazlıq səbəbilə hökmün ləğvi edilməsi ilə bağlı müraciətini də nəzərdən keçirir. Həmin qərarın açıqlanması sentyabrın 18-nə, seçkidən təxminən yeddi həftə öncəyə təyin edilib.
Merçanın qərarında qeyd edilir ki, hökm tarixinin səsvermədən sonraya saxlanılmasının məqsədi bu prosesin seçkilərə təsirə malik ola biləcəyi görüntüsündən yayınmaqdır.
"Məhkəmə ədalətli, qərəzsiz və siyasətdən kənar bir qurumdur", hakim Merçanın qeydində deyilir.
Trampın vəkilləri hökmün oxunmasının yubadılması üçün bir neçə cəbhədə çalışıblar - həm hakimə müraciət ediblər, həm də federal məhkəmənin müdaxiləsini xahiş ediblər. Onlar iddia edirlər ki, hökmün seçkilərdən öncə oxunması rəqabətli seçki yarışında seçkiyə müdaxilə olacaq.
Donald Tramp bu ilin may ayında Nyu-Yorkda porno-aktrisa Stormi Danielsə "pul müqabilində susmaq"la əlaqədar qaldırılan cinayət işində bütün maddələr üzrə ABŞ-ın sabiq prezidenti kimi təqsirli elan edilib.
Amerikanın az qala 250 illik tarixində ilk dəfədir ki, sabiq prezident cinayət məhkəməsində təqsirli bilinib.
Forum