Venesuelanın prezidentliyə müxalifətdən namizədi Edmundo Qonzales iyul ayında mübahisəli seçkilərlə bağlı siyasi və diplomatik böhran fonunda ölkəsini tərk etdikdən bir neçə saat sonra rəsmi Madrid onun sığınacaq almaq məqsədilə bazar günü İspaniyaya gəldiyini bildirib.
İspaniya Xarici İşlər Nazirliyindən verilən açıqlamada prezident Nikolas Maduronun qələbə elan etməsinə etiraz edən Qonzalesin həyat yoldaşı ilə birlikdə Torrexon de Ardoz hərbi bazasına gəldiyi bildirilib.
ABŞ, Avropa İttifaqı və digər regional güclər tərəfindən səsvermənin qalibi hesab edilən 75 yaşlı müxalif Qonzales ölkəni Venesuela hakimiyyətinin onu sui-qəsddə və digər cinayətlərdə ittiham edərək həbsinə order verdikdən bir həftə sonra tərk edib.
“Bu gün Venesuelada demokratiya üçün kədərli bir gündür,” Avropa İttifaqının xarici siyasət idarəsinin rəhbəri Josep Borrell verdiyi açıqlamada bildirib.
“Demokratiya şəraitində heç bir siyasi lider başqa ölkədən sığınacaq istəməyə məcbur edilməməlidir,” o bildirib.
Venesuelanın vitse-prezidenti Delsi Rodriges Instagram hesabında verdiyi açıqlamada rəsmilərin “siyasi sülhü” təmin etmək üçün Qonzalesə təhlükəsiz keçid verdiyini bildirib.
“O, bir neçə gün əvvəl İspaniyanın Karakasdakı səfirliyinə könüllü olaraq sığındıqdan sonra Venesuelanı tərk edib,” o yazıb.
İspaniya Xarici İşlər Nazirliyi Qonzalesin ölkədən çıxması ilə bağlı İspaniya və Venesuela hökumətləri arasında heç bir danışıqlar aparılmadığını bildirib.
Venesuela müxalifəti iyulun 28-də keçirilən seçkilərin Qonzalesin qələbəsi ilə nəticələndiyini və internetdə yayımladığı səsvermə nəticələrinin onun qalib gəldiyini göstərdiyini bildirir.
Maduro bütün bu iddiaları rədd edir və hökumətinə qarşı sağçı təxribat olduğunu iddia edir.
Forum