Accessibility links

Ukrayna ərazisinə gecə boyu 14 dron və bir neçə raket atılıb


Arxiv fotosu - Xilasedicilər Ukraynanın qərbində, Lviv şəhərinin mərkəzində Rusiyanın raket hücumu nəticəsində dağılmış yaşayış binasında qurbanları axtarır, 4 sentyabr 2024.
Arxiv fotosu - Xilasedicilər Ukraynanın qərbində, Lviv şəhərinin mərkəzində Rusiyanın raket hücumu nəticəsində dağılmış yaşayış binasında qurbanları axtarır, 4 sentyabr 2024.

Ukrayna hərbi hava qüvvələri Rusiya qüvvələrinin bazar günü gecə ölkə ərazisinə iki “İsgəndər-M” ballistik raketi və bir “X-59” idarə olunan raket ilə zərbə endirdiyini, 14 dron buraxıldığını bildirib.

Ukrayna komandanlığının məlumatında Ukrayna hərbi qüvvələrinin “X-59” raketini və 10 dronu vurduğu qeyd edilir. Məlumatda bildirilir ki, “İsgəndər-M” raketləri ilhaq edilmiş Krım ərazisindən Odessa vilayəti istiqamətində atılıb.

Rusiyanın atdığı bombanın Xarkivdə hündürmərtəbəli binaya düşməsi nəticəsində üçü uşaq olmaqla, azı 28 nəfərin yaralandığı bildirilib.

“Zərbə çoxmərtəbəli yaşayış binasında yanğına səbəb olub”, Xarkiv vilayətinin administrasiyasının rəhbəri Oleq Sinegubov Telegram kanalında yazıb.

Odessa vilayətinin hərbi administrasiyasının rəhbəri Oleq Kiper Teleqram kanalında Odessa ətrafında raket hücumu nəticəsində iki nəfərin həlak olduğu barədə məlumat verib. O bildirib ki, yaşayış binaları və təsərrüfat obyektlərinə zərər dəyib. Yoxlama zamanı ölmüş iki nəfərin - ər-arvadın meyiti tapılıb. Onların 1958-ci il təvəllüdlü kişi və onun 1962-ci il təvəllüdlü həyat yoldaşı olduğu bildirilir. Yaralan daha bir yaşlı qadının isə xəstəxanaya çatdırıldığı və vəziyyətinin orta dərəcədə ağır olduğu bildirilir.

Hərbi hava qüvvələri Dnepropetrovsk, Sumı, Poltava və Mikolayev vilayətlərində hava hücumundan müdafiə sistemlərinin işlədiyini əlavə edib.

Mikolayev vilayətinin hərbi administrasiyasının rəhbəri Vitali Kim bildirib ki, səhər saatlarında rusiyalı hərbçilər dronlardan istifadə edərək, Kutsurub icmasında avtomobil və mikroavtobusa atəş açıb, nəticədə iki yerli sakin yaralanıb, onlardan biri xəstəxanaya yerləşdirilib.

Ukrayna Daxili İşlər Nazirliyinin məlumatına görə, Zaporijye vilayətində Rusiya qüvvələrinin Qulaypolye bölgəsində idarə edilən aviasiya bombaları ilə zərbə endirməsi nəticəsində fermer təsərrüfatının üç işçisi həlak olub.

Xersonda və vilayətdə 24 saat ərzində atışma zamanı 2 sakin həlak olub, 7 nəfər yaralanıb. Yerli hakimiyyət orqanları Rusiya qüvvələrinin zərbələrinin mühüm infrastruktur obyektinə, təhsil və tibb müəssisələrinə və zavodun ərazisinə düşdüyü barədə məlumat verib. Həmçinin rayonun yaşayış məntəqələrində, o cümlədən 2 çoxmərtəbəli və 22 fərdi yaşayış evində yanğının baş verdiyi bildirilir.

Dnepropetrovsk vilayətinin hərbi administrasiyasının rəhbəri Sergey Lısak bildirib ki, Nikopola hücum nəticəsində 37 yaşlı kişi və 75 yaşlı qadın yaralanıb. Bundan əlavə, hücum nəticəsində fərdi yaşayış evinə ciddi zərər vurulduğu və yanğının baş verdiyi, yanğının artıq söndürüldüyü bildirilir. Lisak elektrik xəttinin zədələndiyini qeyd edib.

Rusiya rəsmiləri müharibə boyu Ukraynada mülki hədəflərə qəsdən zərbələr endirildiyinə dair ittihamları rədd edir.

Forum

XS
SM
MD
LG