Accessibility links

Hizbullah lideri Həsən Nəsrallah İsrailin hava zərbəsi nəticəsində öldürülüb


İsrail hərbi qüvvələri Livanda yerləşən Hizbullah militant qrupunun liderinin cümə günü İsrail hava zərbəsi nəticəısində öldürüldüyünü bildirib. Hava zərbəsi qrupun Beyrutdakı qərargahını hədəf alıb.

İsrail Müdafiə Qüvvələrinin yaydığı açıqlamada bildirilir ki, Həsən Nəsrallah Hizbullahın cənub cəbhəsinin komandiri Əli Karki və digər Hizbullah komandirləri ilə birlikdə "məhv edilib".

Hizbullah təşkilatı şənbə günü Nəsrallahın öldürüldüyünü təsdiqləyib.

Nəsrallahı "müqəddəs şəhid" adlandıran qrurum "düşmənə qarşı savaşı davam etdirəcəyini" bəyan edib.

İsrail rəsmilərinin açıqlamasına əsasən, İsrail döyüş təyyarələrini Hizbullah liderlərinin qrupun mərkəzi qərargahında olduqlarına dair "dəqiq kəşfiyyat" məlumatı əldə etdikdən sonra işə salıb.

İsrail qüvvələri qərargahın Beyrutun cənub civarındakı Dahiyeh məhəlləsindəki yaşayış binası altında yerləşdiyini müəyyən edib.

Livan səhiyyə nazirliyi cümə günü baş verən hava zərbələri nəticəsində azı altı adamın öldüyünü, 91 nəfərin yaralandığını bildirir.

Livan televiziyası partlayışdan sonra tüstü və dağıntıları əks etdirən kadrlar göstərib.

1992-ci ildən bəri Hizbullaha rəhbərlik edən Həsən Nəsrallah İranla sıx münasibətlər saxlayırdı.

HƏMAS təşkilatı da Nəsrallahın ölümü ilə bağlı bəyanat yayıb.

Forum

XS
SM
MD
LG