Bazar günü Özbəkistanda parlament seçkiləri keçirilib və bu seçkilərdə müxalifət partiyalar demək olar ki, iştirak etmir. Bəzi prosedur dəyişikliklərini ehtiva edən konstitusiya islahatlarına baxmayaraq, prezident Şavkat Mirziyoyevə sadiq qanunverici orqan yaradılacağı güman edilir.
Mirziyoyev 2016-cı ildən bəri Orta Asiyanın ən sıx əhalisi olan ölkəsinə rəhbərlik edir. O,liberal iqtisadi islahatlar və sələfinin siyasi, dini və media azadlıqlarına sərt məhdudiyyətlərini yumşaltması ilə geniş populyarlıq qazanıb. Lakin 37 milyonluq ölkədə siyasi hakimiyyət Mirziyoyevin əlində cəmləşib və parlament nadir hallarda onun kabineti tərəfindən hazırlanan qanunlara qarşı çıxır.
2023-cü il konstitusiya islahatının təqdim etdiyi əsas dəyişiklik 150 deputatın yalnız yarısının siyasi partiyalara səsvermə yolu ilə seçildiyi qarışıq seçki sisteminə keçiddir. Qalan 75 namizəd fərdi qaydada seçiləcək, baxmayaraq ki, hamısı Özbəkistanın qeydə alınmış beş partiyası tərəfindən irəli sürülüb, onların heç biri Mirziyoyevin əleyhinə deyil.
Bəzi partiyalar bunun əvəzinə ətraf mühit, ədalət və ya biznes mühiti kimi məsələlərə diqqət yetirib.
Səsvermənin ilkin nəticələrinin bazar ertəsi açıqlanacağı gözlənilir. Özbəkistan parlamentinin üzvlərinin hökumət rəsmilərindən daha açıq danışdıqları bir sahə keçmiş Sovet respublikasının Rusiya ilə münasibətləridir.
Özbəkistanın Rusiya ilə sıx iqtisadi əlaqələri var və milyonlarla özbək miqrant işçi vətənlərində ailələrini dolandırmaq üçün orada çalışır. Bununla belə, Daşkənd Rusiya-Ukrayna münaqişəsində neytral qalır və Qərbin Moskvaya qarşı tətbiq etdiyi sanksiyalara əməl etdiyini bildirir.
Forum