Reportyorların Azadlığı və Təhlükəsizlik İnstitutu (RATİ) Azel.TV xəbər saytının baş redaktoru, jurnalist Əfqan Sadıqovun Azərbaycana ekstradisiyası ilə bağlı Tbilisi Şəhər Məhkəməsinin noyabrın 28-də çıxardığı qərarını kəskin şəkildə pislədiyini bildirib.
“Bu qərar təkcə Sadıqovun həyatını təhlükəyə atmır, həm də Gürcüstanın beynəlxalq insan haqları öhdəliklərini kobud şəkildə pozur”, RATİ direktoru Emin Hüseynov vurğulayıb.
RATİ xəbərdarlıq edir ki, bu qərar siyasi təqiblərə şərait yaratmaqla bərabər Azərbaycanın dövlət mexanizmindən fərqli səsləri susdurmaq üçün istifadə edilməsi ilə bağlı ciddi narahatlıq yaradır.
Daha əvvəl Azərbaycanda məhkumluq həyatı yaşayan Əfqan Sadıqov ötən ilin dekabrında Gürcüstana köçüb. O, Gürcüstana müalicə üçün getdiyini, daha sonra təhdidə məruz qaldığından ölkəyə qayıtmasının təhlükəli olduğunu bildirib.
Jurnalist Gürcüstanı tərk etmək istəyərkən iyulun 17-də Tbilisi aeroportunda saxlanılıb, onun üçüncü ölkəyə çıxışına icazə verilməyib.
Gürcüstanda da təhdidlərə məruz qaldığını bildirən Sadıqov bu səbəbdən digər bir ölkəyə üz tutmaq istədiyini, Tbilisi aeroportundan xarici ölkələrə buraxılmaması sifarişini Azərbaycan hakimiyyətinin verdiyini qeyd edib.
Avqustun 3-də saxlanılan Əfqan Sadıqov barəsində növbəti gün Tbilisi Şəhər Məhkəməsi tərəfindən ekstradisiya məqsədi ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Məhkəmədə Əfqan Sadıqova qarşı mayın 10-da Azərbaycan Daxili İşlər Nazirliyi tərəfindən hədə-qorxu ilə tələbetmə ittihamı üzrə cinayət işi qaldırıldığı bildirilib.
RATİ bildirir ki, noyabrın 28-də hakim Arsen Kalatozişvilinin çıxardığı məhkəmə qərarında Sadıqovun həbsinə etiraz olaraq 68 gündür davam edən aclıq aksiyasına görə səhhətinin pisləşməsinə məhəl qoyulmayıb.
“Biz Gürcüstanın insanların işgəncə və ya təqiblə üzləşə biləcəkləri ölkələrə qayıtmasını qadağan edən geri qaytarmamaq prinsipinə əməl etməməsindən təəssüflənirik. Sadıqovun ekstradisiyası siyasi təzyiqin sığınacaq axtaranlara verilən əsas müdafiələri alt-üst etməsinə imkan verməklə təhlükəli presedent yaradır”, bəyanatda vurğulanır.
Demokratik cəmiyyətlərdə mətbuat azadlığının kritik rolunu vurğulayan RATİ, Gürcüstan hakimiyyətini bu qərardan dərhal imtina etməyə və Sadıqovun təhlükəsizliyinə üstünlük verməyə çağırıb.
Hüquq müdafiə təşkilatı həmçinin beynəlxalq ictimaiyyəti məsələyə müdaxilə etməyə çağırıb.
Əfqan Sadıqov daha əvvəl 2020-ci ilin mayında hədə yolu ilə pul tələb etmək ittihamı ilə həbs edilib. 3 noyabr 2020-ci ildə məhkəmə onu yeddi il azadlıqdan məhrum edib. Apellyasiya Məhkəməsi cəza müddətini 6 ilədək, Ali Məhkəmə isə 4 ilədək azaldıb.
2 il 15 gün həbsdə saxlanıldıqdan sonra əfv sərəncamı ilə azadlığa buraxılıb.
Həbsxanada olarkən 242 gün aclıq aksiyası keçirən Sadıqovu yerli hüquq müdafiəçiləri siyasi məhbus kimi tanıyıb.
Forum