Ukrayna rəsmiləri cümə axşamı bildirib ki, Rusiyanın dron hücumu nəticəsində ölkənin şimal-şərqindəki Sumı şəhərində ən azı dörd nəfər ölüb.
Sumıda regional administrasiya dronların çoxmərtəbəli yaşayış binasını vurduğunu və hücumda 9 nəfərin yaralandığını bildirib.
Ukrayna ordusu Rusiya qüvvələrinin gecə ərzində atdığı 81 drondan 37-ni vurduğunu bildirib.
Ordunun məlumatına görə, dronlar Çerkası, Dnipropetrovsk, Xerson, Xmelnitski, Kirovohrad, Kyiv, Poltava, Odesa, Sumı və Jitomır regionları üzərində vurulub.
Odesa qubernatoru Oleh Kiper Telegram-da bildirib ki, düşən dron qalıqları iki yaşayış binasına, taxıl anbarına və xəstəxanaya ziyan vurub.
Jitomırda rəsmilər deyib ki, dronun qalıqları altı evə ziyan vurub.
Rusiyanın Müdafiə Nazirliyi cümə axşamı bildirib ki, gecə ərzində Belqorod üzərində üç, Bryansk üzərində isə iki Ukrayna dronunu vurub.
ABŞ yardımı
Ukrayna prezidenti Volodimir Zelenski çərşənbə günü bildirib ki, o, əvvəllər Amerikanın dəstəyi ilə maliyyələşdirilən və hazırda dayandırılan “kritik proqramlar” haqqında ilkin hesabat alıb.
ABŞ prezidenti Donald Tramp xarici yardımların 90 günlük auditini aparmaq üçün bir çox xarici proqramların maliyyələşdirilməsini dayandırıb.
Zelenski bildirib ki, vəsaitlərin dondurulmasından təsirlənən əsas sahələr enerji sektoru, veteran layihələr və sərhəd keçidləridir.
Zelenski deyib ki, Ukrayna rəsmilərinə dondurulan vəsaitlərin təsirinə məruz qalan ərazilərdə öz auditlərini davam etdirmək tapşırılıb.
Forum